Turizm Səfiri layihəsi Azərbaycana nə qazandıracaq? - Deputatdan AÇIQLAMA

Turizm Səfiri layihəsi Azərbaycana nə qazandıracaq? - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasında turizmin inkişafına dair sərəncam imzalayıb.

Sərəncamda 2026-2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulub.

Belə ki, bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi və azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi planlaşdırılıb.

Bəs Turizm Səfirinin təyin olunması bu sahəyə nə kimi töhvələr verə bilər?

Mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Sfera.az-a açıqlama verib.

O bu qərarın turizm sahəsinə hansı üstünlükləri gətirəcəyini izah edib:

“Bu sənəd turizm sektorunun inkişafına və eyni zamanda turizmi iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, yeni iş yerlərinin yaradılması, sahibkarlığın genişləndirilməsi və Azərbaycanın beynəlxalq tanıdılması baxımından mühüm strateji istiqamət kimi müəyyənləşdirir. Qarşıya qoyulan hədəflər də kifayət qədər iddialıdır. 2030-cu ilədək Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 3,8 milyon nəfərə, hotellərdə gecələmələrin 6,3 milyona çatdırılması nəzərdə tutulur”.

Deputat burada əsas məsələnin turist sayının artırılması ilə yanaşı ölkəyə gələn turistin Azərbaycanda daha çox qalması, daha çox xidmətlərdən istifadə etməsi və turizmdən əldə olunan iqtisadi gəlirin regionlara daha geniş yayılması olduğunu açıqlayıb:

“Azərbaycanın turizm potensialı bunun üçün kifayət qədər böyükdür. Bakı ilə yanaşı, Şəki, Quba, Qəbələ, Lənkəran, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, eləcə də digər bölgələrimiz fərqli turizm məhsulları ilə həm daxili, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilə bilər. Xüsusilə region turizminin inkişafı yeni iş yerlərinin açılması və yerli sahibkarlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Turizm kəndi” konsepsiyasının tətbiqi də bu baxımdan yeni imkanlar açacaq. Digər mühüm istiqamət nəqliyyat əlçatanlığıdır. Turizm destinasiya­sının cəlbediciliyi qədər həmin istiqamətə rahat və münasib qiymətlərlə çatmaq imkanının olması da vacibdir.

Birbaşa uçuşların artırılması, yeni istiqamətlərin açılması və aviabiletlərin əlçatanlığının yüksəldilməsi Azərbaycanın turizm rəqabət qabiliyyətini daha da artıracaq. Dövlət Proqramında viza siyasətinin təkmilləşdirilməsi, rəqəmsal turizmin inkişafı, yeni turizm məhsullarının yaradılması, hotel və xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi və investisiyaların təşviqi kimi istiqamətlərin müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir turizm bazarında rəqabət yalnız təbiət və tarixi abidələrlə aparılmır. Turist keyfiyyətli xidmət, əlçatan nəqliyyat, rahat viza proseduru, rəqəmsal imkanlar və yaddaqalan təcrübə axtarır".

Deputat Azərbaycanın ən böyük üstünlüklərindən birinin müxtəlif turizm imkanlarının eyni ölkədə cəmləşməsi olduğunu deyib:

"Dəniz, dağ, qış turizmi, sağlamlıq, ekoturizm, qastronomiya, mədəni və tarixi turizm kimi istiqamətlərin paralel genişlənməsi ölkəmizə ilboyu turist qəbul etmək imkanını artırır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının inkişafı da Azərbaycanın turizm coğrafiyasını əhəmiyyətli dərəcədə artıracaq. Qarşıdakı mərhələdə əsas məsələ Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsidir. Bunun üçün dövlət qurumları ilə yanaşı, turizm sənayesinin nümayəndələrinin, sahibkarların, hotelçilərin, turizm şirkətlərinin və digər sektor iştirakçılarının fəal iştirakı vacibdir.

Azərbaycan artıq regionun mühüm turizm ölkələrindən biridir. Qarşıdakı beş ildə əsas məqsəd isə bu potensialı daha da yüksək iqtisadi nəticəyə çevirmək, turizmin yeni iş yerlərinin və sahibkarlıq imkanlarının mühüm mənbəyinə çevirmək və Azərbaycanı beynəlxalq turizm xəritəsində daha güclü mövqeyə çıxarmaqdır. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət və yeni Dövlət Proqramının yaratdığı imkanlar Azərbaycan turizminin qarşıdakı illərdə daha da sürətli və keyfiyyətli inkişafına mühüm töhfə verəcək”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR