"İran bu halda NATO ilə müharibə həddinə çatacaq" - ŞƏRH

NATO İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücum planları ilə bağlı xəbərlərdən sonra diqqətçəkən açıqlama yayıb.
İttifaqdan bildirilib ki, NATO İran tərəfindən yarana biləcək istənilən təhlükəyə qarşı bütün müttəfiqlərini müdafiə etməyə hazırdır. NATO rəsmisi deyib ki, Alyans bütün mümkün təhdidlərə qarşı hazırlıqlıdır:
“NATO bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman lazım olanı edəcək”.
NATO-nun bu xəbərdarlığı İranı çəkindirmək üçün kifayətdir, yoxsa regionda gərginliyi daha da artıracaq?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. O bildirib ki, NATO-nun cavabı gözlənilən idi:

“İran tərəfindən verilən açıqlamalarda qeyd olunur ki, Avropa ölkələrində ABŞ hərbi bazalarına ev sahibliyi edən dövlətlər də potensial hədəf ola bilər. Bu açıqlamalarda Bolqarıstan və Yunanıstanın da adları çəkilib. Bununla bağlı həmin ölkələrin müəyyən addımlar atmağa başladığı da müşahidə olunur. Nəzərə alsaq ki, sözügedən dövlətlər NATO üzvüdür, alyansın bu məsələyə laqeyd qalması mümkün deyildi və gözlənilən açıqlama da verildi”.
Ekspert bildirib ki, əgər İran NATO üzvü olan ölkələrə qarşı hər hansı hücum həyata keçirərsə, şübhəsiz ki, NATO da buna qarşı cavab tədbirləri görməyə məcbur olacaq və bu, İran üçün heç də yaxşı perspektiv vəd etmir:
“Çünki nəzərə almaq lazımdır ki, bu il fevralın 28-də başlayan ABŞ-İsrail-İran müharibəsi zamanı NATO ölkələri, demək olar ki, ABŞ-nin həyata keçirdiyi hərbi addımları dəstəkləmədilər. Əslində, bu vəziyyət İran üçün müəyyən mənada bir şans yaratdı. Tehran bu fürsətdən istifadə edərək NATO ölkələri ilə birbaşa qarşıdurmadan yayınmaq imkanına malik oldu. Lakin İran belə bir avantüraya əl ataraq Avropadakı ABŞ hərbi bazalarına və ya həmin bazalara ev sahibliyi edən NATO ölkələrinə qarşı hücum həyata keçirərsə, bu vəziyyət tamamilə dəyişə bilər. Belə olan halda İran NATO ölkələrinin kollektiv müqaviməti və mümkün cavab tədbirləri ilə üz-üzə qala bilər. Bu isə şübhəsiz ki, İranın arzuladığı və onun üçün əlverişli olan variant deyil”.
Bəsti Rəfizadə
Sfera.az






