Paşinyan: “Ermənistanın siyasi həyatında yeni mərhələ paylaşıb”

Paşinyan: “Ermənistanın siyasi həyatında yeni mərhələ paylaşıb”
Kateqoriya məlum deyil
T

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin siyasi həyatında yeni mərhələnin başladığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı 7 iyun 2026-cı ildə keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirib.

Baş nazir seçkilərin “Gerçək Ermənistan” ideologiyasının qələbəsi ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, bu nəticə həmin ideologiyanın Ermənistanın rəsmi ideologiyasına çevrilməsi deməkdir.

Paşinyan qeyd edib ki, Ermənistan bununla tarixində “Dördüncü Respublika” adlandırdığı yeni mərhələyə qədəm qoyub.

“Üçüncü Respublika ilk gündən etibarən qarşıdurma və münaqişə məntiqi üzərində qurulmuşdu. Dördüncü Respublika isə sülh məntiqi ilə formalaşır və yaradılır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

O vurğulayıb ki, söhbət yalnız münaqişə və sülh yanaşmaları arasındakı fərqdən getmir. Paşinyanın sözlərinə görə, yeni mərhələdə dövlətin funksional mahiyyəti, mövcudluq məqsədi, eləcə də praktiki missiyası və funksiyaları da dəyişir.

Baş nazir hökumətin strukturunda bir sıra dəyişikliklərin edilməsini də təklif edib.

Belə ki, Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirilməsi təklif olunub.

Bundan əlavə, Yüksək Texnologiyalar və Sənaye Nazirliyinin adının Yüksək Texnologiyalar, Sənaye və Süni İntellekt Nazirliyi olması nəzərdə tutulur. Paşinyan bu nazirliyin nəzdində Süni İntellekt Ofisinin yaradılmasının planlaşdırıldığını açıqlayıb.

Əmək və Sosial Məsələlər Nazirliyinin adının isə Əmək və Rifah Nazirliyi olaraq dəyişdirilməsi təklif edilib.

Paşinyanın açıqlamaları Ermənistan hakimiyyətinin ölkənin dövlət idarəçiliyi və siyasi kursunda yeni yanaşmalar formalaşdırmaq niyyətində olduğunu göstərir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR