NATO-dan İrana mesaj: "Hazırıq"

NATO İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücum planları ilə bağlı xəbərlərdən sonra diqqətçəkən açıqlama yayıb.
Sfera.az xəbər verir ki, ittifaqdan bildirilib ki, NATO İran tərəfindən yarana biləcək istənilən təhlükəyə qarşı bütün müttəfiqlərini müdafiə etməyə hazırdır. Məsələ ilə bağlı açıqlama NATO-nun Avropadakı ABŞ hərbi obyektlərinə mümkün hücum planları barədə “Financial Times” qəzetində yayılan məlumatından sonra verilib.
NATO rəsmisi bildirib ki, Alyans bütün mümkün təhdidlərə qarşı hazırlıqlıdır:
“NATO bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman lazım olanı edəcək”.
Açıqlamada NATO-nun hava hücumundan müdafiə imkanlarının effektivliyinə də diqqət çəkilib. Bildirilib ki, bu ilin əvvəlində NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyəyə yönələn ballistik raketləri dörd ayrı insident zamanı uğurla zərərsizləşdirib. NATO İran mənşəli təhdidlərə qarşı çəkindirmə və müdafiə mövqeyinin güclü olduğunu vurğulayaraq, müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün zəruri addımları atmağa hazır olduğunu bildirib.
Bəsti Rəfizadə






