Qalibaf: "İsrailin regionda gələcəyi yoxdur"

Qalibaf: "İsrailin regionda gələcəyi yoxdur"
Kateqoriya məlum deyil
T

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailə qarşı sərt açıqlamalarla çıxış edib.

Sfera.az xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ qüvvələri bölgədən ləyaqətli şəkildə çıxış yolu axtarır, İsrailin isə regionda artıq gələcəyi yoxdur. İran parlamentinin sədri müxtəlif görüşlər keçirmək üçün İraqın paytaxtı Bağdada səfər edib. O, 2020-ci ildə ABŞ tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani və iraqlı komandir Əbu Mehdi əl-Mühəndisin öldürüldüyü Bağdad hava limanında mətbuat konfransı keçirib.

Qalibaf bu məkanın iki xalqın ortaq tarixini və həqiqət cəbhəsi ilə yalan cəbhəsi arasındakı mübarizəni simvolizə etdiyini deyib. Onun sözlərinə görə, ABŞ Süleymani və əl-Mühəndisi müqavimət cəbhəsinin güclənməsinin və yayılmasının qarşısını ala bilmədiyi üçün öldürüb. Lakin bu addım müqavimətin gücünü zəiflətməyə nail olmayıb. “Bölgənin vəziyyətinə baxmaq kimin qalib gəldiyini görmək üçün kifayətdir”, – Qalibaf bildirib.

İran parlamentinin sədri fevralın 28-də başlayan müharibənin İranın müqavimət gücünü nümayiş etdirdiyini və müqavimət anlayışının artıq qlobal xarakter aldığını söyləyib. Qalibaf İsrailə də sərt mesaj göndərib: “İsrailin çirkli reallığı dünya xalqlarına ifşa olunub və İsrail bəşəriyyətin düşməni kimi tanınır”.

O qeyd edib ki, müharibədən sonra regionun təhlükəsizlik arxitekturasında dəyişiklik müşahidə olunur. “Yeni regional düzəndə xarici və regiondankənar aktorların müdaxiləsi sürətlə azalır.

ABŞ qüvvələri bölgədən ləyaqətli şəkildə çıxmaq üçün plan axtarır və sionist rejimin (İsrailin) bölgəmizdə artıq gələcəyi yoxdur”, – deyə Qalibaf vurğulayıb. Qalibaf İraqa səfərinin əsas məqsədinin yeni regional düzəni gücləndirmək və xarici müdaxilə olmadan region dövlətləri arasında əməkdaşlığı sürətləndirmək olduğunu bildirib.

O, İranın davamlı iqtisadi əməkdaşlıq əsasında İslam ölkələri arasında daha dərin təhlükəsizlik əlaqələrinin qurulmasına hazır olduğunu da qeyd edib. “İran və İraq arasındakı bağ tarixi, dərin və qırılmazdır. Qardaşlığımız bizim gücümüzdür”, – deyə Qalibaf deyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR