“S-400”lərin taleyi Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Türkiyənin ABŞ-dən “F-35” qırıcılarını yenidən əldə etmək planında əsas maneə olaraq “S-400” məsələsi gündəmdə qalıb.
Ankara bir tərəfdən “F-35” proqramına qayıtmaq, digər tərəfdən isə Rusiya ilə əldə etdiyi “S-400” sistemləri ilə bağlı çıxış yolu tapmaq istəyir. Bu prosesdə Moskvanın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. “Kommersant”ın məlumatına görə, Türkiyənin “S-400”ləri BƏƏ kimi NATO üzvü olmayan üçüncü ölkəyə ötürməsi Moskva üçün qəbuledilən variant ola bilər.
Bəs Ankara bu yolla “F-35” proqramına qayıda bilərmi və “S-400”lərin taleyi Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Sfera.az-a açıqlama verib.

O bildirib ki, Ankara Vaşinqtonun CAATSA sanksiyalarını aradan qaldırması və “F-35” proqramına yenidən qoşula bilmək üçün irəli sürdüyü sərt şərtləri yumşaltmağa yönəlmiş müxtəlif formulları nəzərdən keçirir:
“Sistemlərin NATO üzvü olmayan və Moskva ilə münasibətləri nəzarətli şəkildə inkişaf edən bir ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələrindən birinə verilməsi uzun müddətdir müzakirə olunan əsas variantlar arasındadır. Lakin bu cür danışıqların zaman-zaman dalana dirənməsi və ya yavaşlaması prosesdəki ən böyük praktiki maneələrdən biridir. “S-400”lərin tamamilə istifadədən çıxarılması və ya müəyyən komponentlərinin ABŞ-nin nəzarəti altında ortaq və ya üçüncü bir məkanda saxlanılması kimi formullar da Vaşinqtonun sərt mövqeyini aşmaq üçün Ankaranın alternativ ssenariləri arasında qiymətləndirilir. Türkiyə bu prosesin birtərəfli diktə ilə deyil, həm Vaşinqton, həm də Moskva ilə dialoq kanalları açıq saxlanılmaqla, regional balansları pozmayacaq bir formul əsasında həll edilməsini müdafiə edir”.
Politoloq “S-400”lərin BƏƏ-yə verilməsinin “F-35” üçün yol açıb-açmaması məsələsini də izah edib:
“ABŞ qanunvericiliyinə, o cümlədən CAATSA müddəalarına əsasən, Türkiyənin “S-400” sistemlərinə, onlarla əlaqəli avadanlıqlara və ya şəxsi heyətə sahib olmaması və bu vəziyyətlə bağlı Konqresə rəsmi öhdəlik verməsi tələb olunur. Bu səbəbdən sistemlərin mülkiyyətinin və faktiki mövcudluğunun Türkiyə ərazisindən tamamilə çıxarılması Vaşinqton qarşısındakı hüquqi maneələrin aradan qaldırılması üçün ilkin şərt hesab olunur. Belə bir transfer “F-35” proqramına qayıdışın yolunu aça biləcək əsas addım kimi qiymətləndirilsə də, BƏƏ ilə aparılan danışıqların qiymətləndirmə, texnologiya transferinə dair razılıqlar və logistika məsələləri səbəbindən çətinləşməsi prosesi mürəkkəbləşdirir. “S-400” kimi strateji müdafiə sistemlərinin son istifadəsi və üçüncü ölkəyə verilməsi ilə bağlı prosedurlar ilkin satış müqavilələrindəki son istifadəçi məhdudiyyətlərinə tabedir. Buna görə də belə bir transfer üçün Moskvanın razılığı tələb olunur.
Lakin prosesin iqtisadi və geosiyasi maraqlar çərçivəsində ciddi danışıqlara tabe olacağı məlumdur. Türkiyənin Rusiya ilə çoxşaxəli iqtisadi, enerji və regional əməkdaşlığını nəzərə alsaq, Moskvanın razılığı alınmadan atılacaq birtərəfli addım iki ölkə arasında etimad böhranına səbəb ola bilər. Bu səbəbdən Ankara Rusiya ilə münasibətlərdə kəskin qırılma yaşamadan, rasional razılaşma zəmini axtarmağa çalışır. ABŞ isə Türkiyəni balanslı Rusiya siyasətindən uzaqlaşdıraraq öz tərəfinə çəkməklə Yaxın Şərqdə yeni təhlükəsizlik çətiri formalaşdırmaq istəyir. Bunu həyata keçirmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla birlikdə “Məkkə razılaşması” prosesi başladılıb".
Ekspert ABŞ KİV-nin Türkiyə-Rusiya münasibətlərini pozmaq istədiyini deyib:
"Bundan əlavə, ABŞ mətbuatı Türkiyədəki ABŞ silahlarının Ukraynaya verilməsi ilə bağlı müzakirələri gündəmə gətirərək Türkiyə-Rusiya münasibətlərini pozmaq və bununla da Türkiyənin siyasi seçimlərini ciddi şəkildə azaltmağa çalışır. “S-400”, CAATSA və “F-35” məsələləri Türkiyə üçün son dərəcə vacib olmaqla yanaşı, Türkiyə-Rusiya münasibətləri də regional sülh və balans baxımından əhəmiyyətlidir. Türkiyə hazırda olduqca çətin xarici siyasət dönəminə daxil olub”.
Bəsti Rəfizadə
Sfera.az






