Ülvi Quliyev: "Suverenliyin alternativi imperiya buxovudur"

"Ölkəmizin Baş Prokurorluğu tərəfindən üç Rusiya vətəndaşına, o cümlədən Rusiya nəqliyyat nazirinin müşavirinə qarşı cinayət işinin başlanılması və onların beynəlxalq axtarışa verilməsi səbəb yox, nəticədir".
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev deyib. Parlamentari Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə növbəti dəfə qəti etirazın bildirilməsinin Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı davam edən təxribat, təhdid və təhqir xarakterli çıxışlara rəsmi cavab olduğunu diqqətə çatdırıb:
"Axtarışa verilmiş şəxslərə gəldikdə isə, onlar ictimai məkanda açıq-aşkar şəkildə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, etnik və milli zəmində düşmənçiliyə, həmçinin terror əməllərinə çağırış ediblər. Rusiyanın informasiya məkanında ölkəmizə qarşı təxribat, təhdid və təhqir xarakterli çıxışların davamlı şəkil alması cəmiyyətimiz üçün yenilik deyil. Lakin bu dəfə bütün sərhədlər aşıldığına və konkret cinayət əməllərinə yol verildiyinə görə cinayət təqibi tədbirləri işə salınıb.
Səbəblərə gəldikdə, Azərbaycan 35 illik müstəqillik dövründə hər zaman çalışıb ki, bütün qonşuları, ilk növbədə, Rusiya Federasiyası ilə normal və qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər qursun. Bununla yanaşı, tələbimiz o olub ki, dövlətlərarası münasibətlərin bərabərhüquqlu müstəvidən kənara çıxmasını təşviq edən əməl və addımlara yol verilməsin, ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibət deklarativ xarakter daşımasın, səmimi hörmət göstərilsin. Təəssüf ki, Rusiyanın informasiya məkanında cövlan edən anti-Azərbaycan ritorikası buna xidmət etmir, yerli ictimai rəyə bunun əksi aşılanır. Zaman-zaman körüklənən imperiya narrativləri və imperiya xiffəti isə qonşu dövlətlərin cəmiyyətlərində yalnız ictimai qıcıq və haqlı etiraz doğurur".
Millət vəkili təhlükəli ritorikadan yalnız Azərbaycan cəmiyyətinin qıcıqlanmadığını vurğulayıb:
"Bu cür təhlükəli ritorikanı informasiya məkanına sırıyanlar, arxasında kimin dayanmasından asılı olmayaraq, bilməlidir ki, qıcıqlanan və hiddətlənən təkcə Azərbaycan cəmiyyəti deyil. Qonşu ölkələrə qarşı təhdid və hədə ritorikasını təşviq edən Rusiyanın məlum deputatları, tanınmış ictimai-siyasi xadimləri və ayrı-ayrı rəsmi şəxsləri unutmasınlar ki, müasir dünyanın informasiya məkanı sərhəd tanımır və heç bir məhdudiyyət internet əlçatanlığını, sosial şəbəkələri qapatmaq gücündə deyil. Yəni, hansısa ölkənin informasiya məkanında səslənən təhdid və təhqirin, yaxud terrora çağırışın tövsifində artıq məkan anlayışı işləmir, buna və cəzasız qalacaqlarına ümid edənlər yalnız özlərini aldadırlar. Ən azından, hərəkət sərbəstliyini itirəcəkləri şübhəsizdir, məsuliyyətsizliyin siyasi nəticələri isə ortadadır.
Müstəqillik dövrünün cəmi bir ilini faktiki sülh şəraitində yaşayan Azərbaycan həm yaxın qonşularının, həm də əməkdaşlıq etdiyi bütün dövlətlərin diqqətinə hər zaman çatdırıb ki, ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı qırmızı xəttimizdir. Ölkəmizin bununla bağlı mövqeyi heç vaxt heç kim üçün sirr olmayıb və bu gün də sirr deyil. Bu prinsip Azərbaycan və Ukrayna Prezidentlərinin 2022-ci ilin yanvarında Kiyevdə imzaladıqları Birgə Bəyannamədə də, bundan bir ay sonra Rusiya ilə imzalanmış Sazişdə də açıq mətnlə təsbit olunur. Az qala 30 il ərzində işğala, separatçılıq təhdidinə məruz qalan və heç vaxt bununla barışmayan, sonda öz haqqını savaş meydanında təmin edən Azərbaycandan kimlərinsə fərqli münasibət gözləməsi yalnız təəccüb doğurur".
"Rusiya cəmiyyətindəki bəzi ictimai fikir daşıyıcılarının, xüsusilə rəsmi təbliğatda iştirak edən şəxslərin bu həqiqəti görməzdən gəlməyə çalışması da heç cür anlaşılan deyil: Rusiya-Ukrayna müharibəsi davam etdikcə yaxın-uzaq qonşuluqdakı istənilən ölkə bunu öz suverenliyinə qarşı potensial təhlükə kimi görməkdə davam edəcək və həm də bu səbəbdən Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə siyasi dəstəyini gizlətməyəcək. Prezident İlham Əliyevin iyulun 21-də Berlində jurnalistin sualına cavabında səsləndirdiyi açıqlama bir daha göstərdi ki, heç bir hədə və təzyiq, yaxud çirkin qarayaxma kampaniyası və ya informasiya təxribatı Azərbaycan Prezidentinin Rusiya-Ukrayna münasibətləri və müharibəsi ilə bağlı birmənalı mövqeyini dəyişə, onu beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsindən kənara çıxara bilməz: “Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.
Azərbaycan Prezidentinin bu bəyanatı olduqca mürəkkəb və təhlükəli geosiyasi şəraitdə həssas və məsuliyyətli münasibətə çağırışdır. Yalnız belə yanaşma nəinki bölgəni, bütövlükdə dünyanı daha ağır fəsadlardan və daha böyük təhlükələrdən xilas edə bilər. Rusiya ictimaiyyəti bilməlidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin baxışını bütövlüklə bölüşür, elə bu səbəbdən ictimai platformalarda həmin mövqeyi fəal şəkildə müdafiə və təşviq edir.
Əminəm ki, bu mövqe imperiya buxovlarından xilas olmuş bütün ölkələrin cəmiyyətlərinə olduqca doğmadır. Çünki onlar da yaxşı bilir ki, suverenliyin yeganə alternativi yalnız imperiya boyunduruğu və vassallıqdır", – Ülvi Quliyev fikrini yekunlaşdırıb.






