İranda hakimiyyət parçalanır? - Pezeşkian və Qalibaf bir tərəfdə, Xamenei digər tərəfdə

“Anlaşma memorandumu” adlandırılan kağız parçasının mahiyyəti ABŞ-nin maraqlarının təmin edilməsi, İsrail üçün vaxt qazanılması və bizim üçün tam itki idi”.
Bu barədə İranın Ali rəhbəri Əli Xameneiyə bağlı “Keyhan” qəzeti yazıb. Nəşr bildirib ki, ABŞ anlaşma üzrə öhdəlikləri pozub, İrana hücumu davam etdirməklə onu etibarsızlaşdırıb.
Qəzet İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibafın anlaşma memorandumunu “qürurverici” adlandıran açıqlamalarını tənqid edib: “Hörmüz boğazının bağlı və ya açıq olması bu razılaşma ilə əlaqəli deyil. ABŞ-nin pozduğu razılaşma artıq İran İslam Respublikasının fəaliyyəti üçün əsas ola bilməz və onu qoruyub saxlamaqda israr etmək düşmənə “zəiflik mesajı” göndərmək deməkdir”.
“Keyhan” həmçinin ABŞ-nin İranın cənubuna, İsrailin isə Livana hücumlarına toxunaraq, Vaşinqtonla anlaşmaya əsaslanan yanaşmaya son qoyulmasını tələb edib.
Bəs Pezeşkianla Qalibafın qərarı niyə tənqid olunur? Bununla da İran hakimiyyətində parçalanmanın hökm sürdüyünü demək mümkündür? Proseslərin sonu necə görünür?
Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. O bildirib ki, İran hakimiyyətində Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlara münasibətdə fərqli fikirlər mövcuddur və bu baxımdan İran hakimiyyətinin parçalandığını söyləmək olar:

“Prezident Pezeşkianın komandası daha konstruktiv mövqe tutur, müəyyən reallıqları nəzərə alır, İran dövlətinin və xalqının mənafeyi naminə razılaşmalara getməyə çalışır. Ali dini rəhbərin ətrafında olanlar isə daha radikaldırlar. Onlar bu qarşıdurmanın davam etməsinə çalışırlar və danışıqlarda elə tələblər irəli sürürlər ki, onların yerinə yetirilməsi və Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunması qeyri-mümkündür. İmzalanmış memorandum qüvvədən düşüb. Ancaq bütün dünya mətbuatı yazdı ki, burada İranın maraqları tamamilə təmin olunub və daha çox İrana, İranın tələblərinə uyğun bir memorandum imzalanıb. Və bunu qürurverici adlandırmaqda, mən hesab edirəm ki, İran prezidenti haqlıdır”.
Politoloq proseslərin bundan sonra necə davam edəcəyini açıqlayıb:
“Əsas danışıqlar 60 gün ərzində olmalı və İranın nüvə proqramı müzakirə olunmalı idi. Deməli, onlar həmin prosesə heç daxil ola bilmədilər. Və bu gün vəziyyət son dərəcə ağırdır. Amerika Birləşmiş Ştatları İranı çökdürəcəyini deyir. İran blokada vəziyyətindədir, iqtisadi durumu günü-gündən pisləşir və bu cür davam edərsə, təbii ki, İran dövləti çox ciddi ziyan çəkəcək. Hərçənd ki, artıq İranın 300 milyard dollardan ziyan çəkdiyi söylənilir. Və Ali dini rəhbərin ətrafında olan İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərinin bu cür barışmaz mövqe tutması son nəticədə İran dövləti üçün böyük problemlər yaradır.
İndiyə qədər hərbi əməliyyatlar nəticəsində təqribən 5 000 İran vətəndaşı öldürülüb. İranda şəhərlər dağıdılıb. İrana böyük maddi ziyan dəyib və ən əsası, İranın qonşularla münasibəti pisləşib. Və bütün bunları, təbii ki, İran hakimiyyəti nəzərə almalıdır. Son necə görünür? – Amerika Birləşmiş Ştatları bu blokadanı davam etdirəcək, yaxud İranın iqtisadi durumu daha da ağırlaşacaq. Amerika Birləşmiş Ştatlarının zəruri hərbi qüvvəni topladıqdan sonra İrana yenidən daha genişmiqyaslı raket və aviasiya hücumları təşkil etməsi ehtimalı da qalır. Və mən hesab edirəm ki, bu cür davam etsə, İranı daha böyük faciələr gözləyir. Çox təəssüf ki, İranda müəyyən dairələr bunu görsələr də, qarşısını almaq üçün heç nə etmək istəmirlər”.
Bəsti Rəfizadə






