Tramp Türkiyədən dəstək gözləyir? - AÇIQLAMA

Tramp Türkiyədən dəstək gözləyir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Türkiyə və ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər ətraflı müzakirə olunub. Liderlər strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və regionda təhlükəsizliyin təmin olunması istiqamətində fikirlərini bölüşüblər.


ABŞ və Türkiyənin Yaxın Şərq məsələlərində mövqeləri nə dərəcədə üst-üstə düşür? Tramp digər müttəfiqlərindən ala bilmədiyi köməyi Türkiyədən gözləyir?


Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Bayden administrasiyasından fərqli olaraq Türkiyə və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər hazırda yüksək səviyyədədir:


“Tramp administrasiyası Türkiyəyə daha pozitiv yanaşır və ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu büruzə verir. Xüsusilə də Tramp administrasiyasının “F-35” qırıcı təyyarələrinin Türkiyəyə satışına razılıq vermək barədə vədi rəsmi Ankarada kifayət qədər pozitiv reaksiyalar doğurub. Hazırda rəsmi Ankara Amerika Birləşmiş Ştatlarından bu vədin yerinə yetirilməsini gözləyir”.


Ekspertin fikrincə, hər iki dövlətin üst-üstə düşən və ziddiyyət təşkil edən maraq istiqamətləri də mövcuddur və o, bu istiqamətləri açıqlayıb:


“Amerika Birləşmiş Ştatları və Türkiyə arasında Suriya məsələsi ilə bağlı bir anlaşmanın olduğu və maraqların üst-üstə düşdüyü müşahidə olunur. Eyni zamanda, PKK-ya münasibətdə də Türkiyə və Amerika Birləşmiş Ştatlarının ortaq mövqeyə malik olduğu, ən azı yaxın mövqelərin yaxınlaşdığı müşahidə olunur. Halbuki Bayden administrasiyası dövründə PKK Amerika Birləşmiş Ştatları tərəfindən himayə olunurdu. Ancaq Tramp administrasiyası bu məsələdə Türkiyənin maraqlarına daha həssas yanaşır. Ancaq ümumi götürdükdə, Yaxın Şərq savaşına münasibətdə və ümumiyyətlə, Yaxın Şərq ətrafındakı hərbi-siyasi böhrana münasibətdə Türkiyə və Amerika Birləşmiş Ştatlarının maraqları o qədər də üst-üstə düşmür.

Burada yalnız üst-üstə düşən məqamlardan biri ondan ibarətdir ki, həm Amerika Birləşmiş Ştatları, həm də Türkiyə Hörmüz boğazının qısa müddətdə açılmasını istəyirlər. Ancaq İrana qarşı müharibə məsələsində Türkiyə Amerika Birləşmiş Ştatlarını dəstəkləmək niyyətində deyil. Ən yaxşı halda bu dəstək NATO çərçivəsində ola bilər və bu NATO çərçivəsindəki dəstəkdə də Türkiyənin daha passiv mövqedə dayanacağı qətiyyən şübhə doğurmur. Yəni, ümumi götürdükdə, Tramp administrasiyasının Yaxın Şərq savaşına münasibətdə kollektiv Qərbdən, eyni zamanda NATO-dan və Avropa ölkələrindən ala bilmədiyi dəstəyi Türkiyədən ala biləcəyi qətiyyən inandırıcı görünmür”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR