Moskva Ankaranın “S-400” planına yaşıl işıq yandırdı

Türkiyənin ABŞ-dən “F-35” qırıcılarını yenidən əldə etmək üçün “S-400” hava hücumundan müdafiə sistemləri ilə bağlı hansı addımı atacağı gündəmdə qalmaqda davam edir.
Bu dəfə məsələ ilə bağlı Moskvadan diqqətçəkən mesaj gəlib.
Sfera.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazıb ki, Türkiyə “S-400” sistemlərini NATO üzvü olmayan üçüncü ölkəyə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ötürmək barədə razılığa gələrsə, Moskvanın buna mane olması ehtimalı aşağıdır.
Qəzetdə qeyd edilib ki, Türkiyə ilə Rusiya arasında imzalanmış “S-400” müqaviləsinə əsasən, sistemlərin və ya onların mühüm komponentlərinin üçüncü ölkəyə satılması və ya ötürülməsi Moskvanın razılığını tələb edir.
“Kommersant” Kremlin sözçüsü Dmitri Peskovun iyulun 10-da verdiyi açıqlamaya da diqqət çəkib. Bildirilib ki, Ankara ilə Moskva arasında “S-400”lərin gələcəyi ilə bağlı təmaslar davam edir və məsələ Kremlin tərəfindən son dərəcə həssas mövzu kimi qiymətləndirilir. Rus nəşrinin ən diqqətçəkən iddiası isə “S-400”lərin BƏƏ-yə mümkün satışı ilə bağlıdır. “Kommersant”ın məlumatına görə, Türkiyə BƏƏ ilə razılığa gələrsə, Rusiyanın belə bir satışa qarşı çıxması böyük ehtimalla gözlənilmir. Buna səbəb kimi BƏƏ-nin NATO üzvü olmaması və Moskva ilə Əbu-Dabi arasında ciddi siyasi qarşıdurmanın mövcud olmaması göstərilir. Beləliklə, “S-400”lərin BƏƏ-yə ötürülməsi Moskva üçün Türkiyənin bu sistemləri ABŞ-yə verməsi ilə müqayisədə daha məqbul ssenari hesab oluna bilər.
Türkiyənin əsas məqsədi isə “F-35” proqramına qayıtmaqdır. Vaşinqton Ankaranın Rusiya istehsalı “S-400” sistemlərindən imtina etməsini “F-35”lərin alınması üçün əsas şərtlərdən biri kimi nəzərdən keçirir. “Kommersant” yazıb ki, ABŞ Dövlət Departamenti Türkiyənin “S-400”lərdən çıxmadığı müddətdə “F-35” satışına razılıq verməyə hazır deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən həftə “Al Jazeera”ya açıqlamasında ABŞ Prezidenti Donald Trampın “F-35”lərlə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiyini bildirib.
Qəzetin məlumatına görə, Tramp iyulun 7-də Ankarada keçirilən NATO sammiti zamanı Türkiyənin yenidən “F-35” proqramına qaytarılmasına hazır olduğunu açıqlayıb. Lakin bundan sonra bir aydan çox vaxt keçməsinə baxmayaraq, Ankara ilə Vaşinqton arasında danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. “Kommersant”a görə, danışıqların əsas maneələrindən biri ABŞ Dövlət Departamentinin “S-400” məsələsində sərt mövqeyidir. Ankara ilə Vaşinqton arasında sistemlərin fəaliyyətdən çıxarılması, yaxud bəzi komponentlərin ABŞ ərazisində saxlanılması kimi variantların müzakirə edildiyi bildirilib. Lakin Rusiya nəşri bunun Moskva üçün ciddi problem yarada biləcəyini qeyd edib. Çünki “S-400”lərin ABŞ-yə verilməsi və ya onların kritik texnologiyalarının Amerika nəzarətinə keçməsi Rusiyanın müdafiə sənayesi baxımından qəbuledilməz ssenari hesab oluna bilər.
Bu baxımdan “Kommersant”ın təhlilindən belə nəticə çıxıb ki, Moskva üçün ən məqbul variantlardan biri “S-400”lərin NATO üzvü olmayan və Rusiya ilə yaxşı münasibətlərə malik ölkəyə ötürülməsidir.
Bəsti Rəfizadə






