Deputat: “Rusiyada Azərbaycana qarşı informasiya təxribatları mərkəzin göstərişi ilə həyata keçirilir”

Azərbaycanın Baş Prokurorluğu üç Rusiya vətəndaşı – jurnalist İvan Knyazev, siyasi texnoloq və media eksperti Semyon Uralov və politoloq, hərbi-media texnoloqu Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq aparıldığını açıqlayıb.
İstintaqın materiallarına əsasən, həmin şəxslər barəsində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Rusiyada fəaliyyət göstərən media və siyasi ekspertlərin Azərbaycan əleyhinə bu cür çağırışlar səsləndirməsi Moskvanın rəsmi mövqeyi ilə əlaqələndirilə bilərmi, yoxsa bunu ayrı-ayrı şəxslərin mövqeyi kimi qiymətləndirmək lazımdır? Rusiya bu şəxslərlə bağlı Azərbaycanın hüquqi tələblərinə necə reaksiya verməlidir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sfera.az-a açıqlama verib. O bildirib ki, Rusiyanın rəsmi informasiya resursları və sosial şəbəkələrin Rusiya seqmenti üzərindən artıq uzun müddətdir ki, Azərbaycana qarşı informasiya təxribatları həyata keçirilir və bu, hibrid informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilə biləcək addımlardır:

“Çünki ziqzaqvari formada informasiya axınında tempo-ritm dəyişsə də, mahiyyət dəyişmir. Eyni tezislər üzrə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, suverenliyinə qarşı təhdidlərin səsləndirilməsi, yaxın və yaxud uzaq tarixdə baş verən real hadisələrin təhrif olunması, rəsmi Moskvanın, eyni zamanda erməni diasporunun maraqları üzərindən bu məsələlərlə bağlı fikir yürüdülməsi, mahiyyət etibarilə, davamlı bir prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosesin mərkəzi hakimiyyət orqanlarının məlumatı olmadan həyata keçirilməsi barədə iddialar, qənaətimə görə, inandırıcı deyil. Çünki xüsusilə də indiki şəraitdə faktiki olaraq Rusiyada istənilən informasiya resursunun fəaliyyətinin və yaxud sosial şəbəkələrin Rusiya seqmentində olan şəxslərin fəaliyyətinin Rusiyanın müvafiq hakimiyyət orqanları tərəfindən tamamilə nəzarətə götürüldüyü bir zamandır. Bu qəbildən olan təxribat xarakterli addımların özbaşına həyata keçirildiyi, konkret şəxslərin fikri olduğu yanaşması, nəticə etibarilə, bir o qədər də inandırıcı deyil”.
Deputat bu şəxslərin təkcə Azərbaycan qanunvericiliyinə zidd addımlar atmadıqlarını, eyni zamanda bu addımların Rusiya qanunvericiliyinə də zidd olduğunu vurğulayıb:
“Bununla paralel olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında bir sıra məsələlərlə bağlı, o cümlədən qarşılıqlı hüquqi yardımla bağlı da, nəticə etibarilə, razılaşmalar var. Bu razılaşmalara uyğun olaraq, həm DİN çərçivəsində əməkdaşlıq kontekstində, həm də ikitərəfli müvafiq sazişlər çərçivəsində həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Rusiyanın müvafiq hakimiyyət orqanları tərəfindən addımlar atılmalıdır. Amma bunun baş verəcəyi inandırıcı deyil. Çünki mahiyyət etibarilə, əgər belə bir addımın atılması nəzərdə tutulursa, proses daha öncədən həyata keçirilməli idi. Və təkcə Baş Prokurorluğun yaydığı məlumatda adı çəkilən şəxslərə qarşı deyil, eyni zamanda Rusiyanın rəsmi media resurslarında Azərbaycana qarşı davamlı informasiya təxribatları həyata keçirən şəxslərə qarşı da eyni addımların atılması nəzərdə tutulmalı idi.
Şübhəsiz ki, bu şəxslərin beynəlxalq axtarışa verilməsi mahiyyət etibarilə artıq Azərbaycanın mövqeyini ifadə edən konkret addım kimi qiymətləndirilməlidir. Baş verən hadisə başqa bir faktoru da önə çəkir. Bəlli olduğu kimi, Azərbaycana qarşı baş verən bu cinayət əməlinin, bu təxribatın yayıldığı məkan "YouTube" kanalı vasitəsilə olub. Mahiyyət etibarilə, bu kanal Rusiyanın nəzarətində olmayan bir seqment hesab olunur. Göründüyü kimi, hətta ayrı-ayrı resurslar üzərindən, o cümlədən təkcə “YouTube” deyil, sosial şəbəkələrin digər seqmentləri üzərindən də Rusiyanın saxta ideoloji təxribatlarını və eyni zamanda təhdid xarakterli siyasətini təbliğ edən davranışlar davamlı olaraq sərgilənməkdədir. Düşünürəm ki, bu artıq sosial şəbəkələrin də virtual cinayət yuvasına çevrildiyini sübuta yetirən amil kimi qiymətləndirilməlidir. Bu istiqamətdə, əgər “YouTube”, “Meta” və digər sosial şəbəkələrin idarəçiləri, sahibləri, eyni zamanda onların fəaliyyət göstərdiyi, daha doğrusu, mərkəzi ofislərinin yerləşdiyi ölkələr hüquqi məsuliyyətlərini dərk etməlidirlər. Bu baxımdan, ideoloji zəhər yaymaqla məşğul olan Rusiya seqmentlərinin qapadılması, ümumiyyətlə, bu sosial şəbəkələrə çıxış imkanlarının tamamilə məhdudlaşdırılması istiqamətində də addımlar atılmalıdır”.
Bəsti Rəfizadə






