ABŞ-İran atəşkəsi bitdi - Regionu nə gözləyir?

ABŞ və İran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti bu gün, avqustun 17-də başa çatır.
Pakistan hökumətindəki mənbələr avqustun 12-də Vaşinqton və Tehranın atəşkəs müddətinin uzadılmasına razılıqlarını vasitəçilərə çatdırdıqlarını bildirib.
Daha sonra, İranın yüksək vəzifəli mənbəsi atəşkəsin uzadılması ilə bağlı ABŞ ilə heç bir müzakirə aparılmadığını açıqlayıb. Bəs bundan sonra hadisələr necə cərəyan edəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, tərəflərin hər ikisinin qarşısında ciddi siyasi və iqtisadi məhdudiyyətlər var və buna görə də atəşkəsin formal müddətinin başa çatması avtomatik olaraq genişmiqyaslı hərbi əməliyyatların dərhal bərpası demək deyil:

“Düşünürəm ki, tərəflər atəşkəsin de-fakto davam etdirilməsi və paralel diplomatik kanalların açıq qalmasına çalışacaqlar. Pakistan və Qətərin vasitəçilik səyləri burada xüsusi əhəmiyyət daşıyır. Lakin problem ondadır ki, əvvəlki razılaşmanın əsas problemləri, yəni, İranın nüvə proqramı, sanksiyaların yumşaldılması, dondurulmuş aktivlər və xüsusilə Hörmüz boğazında gəmiçiliyin statusu ilə bağlı məsələlər həllə həllini tapmayıb. İslamabad memorandumundan irəli gələn tələblərin yerinə yetirilməməsində tərəflər bir-birini qınayır. Tehran Vaşinqtondan əvvəlki razılaşmanın şərtlərinə qayıtmağı və ABŞ öhdəliklərinin icrası üçün konkret zaman cədvəli tələb edir. ABŞ isə İranı Hörmüzlə bağlı öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Belə şəraitdə ortaq məxrəcə gəlmək nə qədər çətin olsa da tərəflər yeni hərbi əməliyyatların hansı nəticələrə səbəb olacağını da kifayət qədər yaxşı dərk edirlər”.
Politoloq dolayı danışıqların davam etdirilməsinin kifayət qədər real göründüyünü, lakin İranın atəşkəs rejimindən istifadə edərək hərbi-siyasi üstünlük qazanmağa çalışması halında və ya Hörmüzdə vəziyyətin gərginləşməsi fonunda lokal zərbələrin baş verməsinin də mümkün olduğunu vurğulayıb:
“Düşünürəm ki, xüsusilə Hörmüz boğazı burada kritik nöqtə olaraq qalır. Başqa sözlə hazırki mərhələdə ABŞ və İran arasında münasibətlərin indikatoru rolunda məhz Hörmüz boğazı çıxış edir. Burada baş verə biləcək hər hansı yeni insident yenidən hərbi əməliyyatlara səbəb ola bilər. Ümumilikdə isə düşünürəm ki, tərəflərin atəşkəslə bağlı müddəti uzatması ehtimalı yüksəkdir. Bu, rəsmi razılaşma halında olmaya da bilər, yəni yazılı olmayan atəşkəs rejimi də mümkündür. Nə qədər ki, diplomatik imkanlar tamamilə kənara atılmayıb tərəflər maksimum şəkildə yeni hərbi əməiyyatlardan qaçmağa çalıçacaqlar. Əgər vasitəçilər Hörmüz boğazı, sanksiyalar və nüvə məsələləri üzrə “minimum ortaq məxrəc” yarada bilsələr, atəşkəs daha uzunmüddətli siyasi razılaşmaya çevrilə bilər. Əks halda isə qarşıdurmanın yenidən hərbiləşməsi riski əhəmiyyətli dərəcədə artacaq”.
Bəsti Rəfizadə






