Ərdoğan və Tramp eyni istəkdədir - Bəs İran?

“İstəyərdik ki, Hörmüz boğazından keçid pulsuz və rüsumdan azad olaraq həyata keçirilsin”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “əl-Cəzira” telekanalına müsahibəsi zamanı deyib. O, bunun daha uyğun və praktik bir yanaşma olacağını və qlobal gəmiçilik və ticarətə müsbət təsir göstərəcəyini bildirib.
Qeyd edək ki, Vaşinqton da Tehranla danışıqlarda boğazdan sərbəst və maneəsiz keçidi əsas məsələlərdən biri kimi gündəmə gətirir.
Bəs İranın bu məsələyə reaksiyası necə olacaq?Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlama verib.

O bildirib ki, son zamanlarda Türkiyə ilə Amerika arasındakı münasibətlərdə yaxınlaşma müşahidə olunur və bu da, təbii ki, diqqətlərdən qaçmır – xüsusilə də Rusiyanın diqqətindən:
“Bütün bunların fonunda Rusiyanın da birbaşa marağında olduğu məsələ ilə bağlı Türkiyənin Amerika tərəfindən, eləcə də Avropanın qabaqcıl ölkələri tərəfindən çıxış etməsi hər kəsin diqqətini çəkir. Hesab edirəm ki, Hörmüz boğazı elə bir məsələyə çevrilib ki, İran buna ölüm-dirim məsələsi kimi yanaşır və qırmızı xətt hesab edir. Ona görə də Ərdoğanın fikirlərinin reallaşacağını düşünmürəm. Bəlkə də fevralın 28-dən əvvəlki zamandad haradasa müəyyən ümidlər yarana bilərdi ki, bu məsələ niyə də real olmasın. Amma artıq fevralın 28-dən etibarən başlayan Amerika- İsrail və İran arasındakı savaşın fonunda Hörmüz boğazı məsələsində Ərdoğanın dedikləri reallaşarsa, bu, birbaşa cənub qonşumuzun sarsıdıcı məğlubiyyəti mənasına gələ bilər”.
Ekspertin sözlərinə əsasən, Amerikanın da bu məsələdəki israrlı mövqeyi onu deməyə əsas verir ki, artıq əsas müharibə döyüş meydanından daha çox diplomatik müstəvidə, diplomatik masa arxasında Hörmüz boğazı uğrunda gedir:
“Bir tərəf israrla bu boğazla bağlı güzəştə getməyəcəyini bəyan edir, digər tərəf isə bunun qarşısını almağa və Hörmüz boğazında rüsumların ləğvinə çalışır. Amma dediyim kimi, bunun reallaşacağı görünmür və hesab edirəm ki, sonda da Hörmüz boğazı məsələsində İranın güzəştə getməyəcəyinə şahid olacağıq. Əgər bir atəşkəs əldə olunacaqsa, Hörmüz boğazında rüsumların qalması şərti ilə atəşkəsin əldə olunacağını düşünürəm. Amma ola bilsin, müəyyən güzəştlər olsun, ortaq kompromisə gəlsinlər. Lakin bunların içərisində Hörmüz boğazından keçidin pulsuz olması, rüsumdan azad olunma halının baş verəcəyini düşünmürəm. İranın məsələyə reaksiyası isə indiyə qədər necə olubsa, bundan sonra da elə olacaq”.
Bəsti Rəfizadə






