KTMT Ermənistana mesaj ötürür - Paşinyan nə cavab verəcək?

KTMT Ermənistana mesaj ötürür - Paşinyan nə cavab verəcək?
Kateqoriya məlum deyil
T

KTMT-nin baş katibi Taalətbek Masadikov bildirib ki, təşkilatın üzv dövlətləri Ermənistanı KTMT-nin müttəfiqi hesab edirlər.


"Ermənistan lap əvvəldən fəal və ahəngdar üzv dövlət olub, kollektiv potensialın gücləndirilməsinə layiqli töhfə verib və KTMT üzv dövlətləri bu ölkəni təşkilatın müttəfiqi hesab etməyə davam edirlər", - deyə Masadikov bildirib.


O, həmçinin qeyd edib ki, KTMT üzv dövlətləri Ermənistan tərəfinin birgə işlərdə tam iştirakının bərpası ilə bağlı bütün məsələləri istisnasız olaraq Yerevanla müzakirə etməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər.


KTMT baş katibinin Ermənistanı hələ də müttəfiq adlandırması nə deməkdir? Ermənistan bu açıqlamalardan sonra iştirakını aktivləşdirə və təşkilata qayıda bilərmi?


Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiyanın öz ətrafında formalaşdırdığı müdafiə çətiridir və eyni zamanda onun imperiya siyasətinin, böyük geosiyasi ambisiyalarının göstəricisidir. “Məsələnin mahiyyəti Ermənistanın KTMT-dən çıxması ilə birlikdə Rusiyanın Cənubi Qafqazdakı imperiya ayağının kəsilməsi və bölgədəki təsir imkanlarının zəifləməsidir”, –deyə qeyd edən deputat bunun səbəblərini izah edib:


“Çünki Ermənistan nə KTMT-yə verdiyi hərbi qüvvə, nə hərbi-siyasi imkanları, nə də texniki vasitələri baxımından təşkilat üçün həlledici əhəmiyyət daşıyır. Ermənistan, əslində, KTMT üçün daha çox coğrafi baxımdan əhəmiyyətlidir. Məsələnin əsas mahiyyəti də budur. Yəni Rusiya Qafqazdakı imperiya coğrafiyasını itirmək istəmir. Çünki Moskva Cənubi Qafqazı Anadoluya və Yaxın Şərqə açılan mühüm qapılardan biri kimi qiymətləndirir. Bu baxımdan, Ermənistanın KTMT-dən uzaqlaşması yalnız bir ölkənin təşkilatdan çıxması məsələsi deyil, Rusiyanın bütövlükdə Cənubi Qafqazdakı mövqeləri ilə bağlı məsələdir”.


Parlamentari Ermənistanın bu prosesdə iştirakının və mövqeyinin nə dərəcədə aktivləşməsinin bir neçə amildən asılı olacağını qeyd edib:


“Birincisi, Rusiyanın Ukraynada davam edən müharibədə nə qədər hərbi uğur əldə etməsi mühüm rol oynayacaq. İkincisi isə Avropa İttifaqının Rusiyaya hansı səviyyədə təzyiq göstərməsi və bu təzyiqin nə qədər davamlı olması prosesə təsir edə bilər. Yəni artıq söhbət yalnız Ermənistan-KTMT münasibətlərindən getmir. Məsələnin arxasında Rusiyanın Cənubi Qafqazdakı strateji maraqları, bölgədəki geosiyasi mövqeyi və imperiya siyasətinin davamlılığı dayanır. Ermənistanın KTMT-dən çıxması isə bu daha geniş prosesin yalnız bir hissəsidir. Əsas məsələ Rusiyanın Cənubi Qafqazda öz təsir imkanlarını qoruyub-qoruya bilməyəcəyidir”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR