İran-ABŞ münaqişəsi Trampın prezidentliyi başa çatana qədər davam edə bilər

İran ABŞ-lə münaqişəni Donald Trampın prezidentlik müddəti başa çatana qədər uzada bilər.
Sfera.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi ABŞ-nin "PBS" telekanalına müsahibəsində deyib.
Nəqdi bildirib ki, Tehranın mümkün strategiyalarından biri münaqişəni növbəti prezidentlik müddətinə qədər davam etdirmək və ABŞ-a ciddi zərər vurmaqdır.
“Bu müharibəni növbəti prezidentlik müddətinə qədər uzatmaq və rəqibə elə zərər vurmaq olar ki, İrana yenidən hücum etmək istəyən hər kəs bunun əvəzini ödəməli olacağını bilsin”, – SEPAH rəsmisi deyib.
Nəqdi iddia edib ki, hazırda İran münaqişənin gedişinə nəzarət edir. Onun sözlərinə görə, beş aylıq qarşıdurma ərzində İran ABŞ-lə “əsl müharibə aparmağı” öyrənib və Amerika ordusunun gözlənildiyindən daha zəif olduğu qənaətinə gəlib.
SEPAH rəsmisi Vaşinqtonu münaqişənin aparılması ilə bağlı aydın strategiyanın olmamasında da ittiham edib.
“Onlar hər iki-üç gündən bir yeni hədəf elan edirlər”, – Nəqdi bildirib.
Qeyd edək ki, bundan əvvəl Məhəmməd Rza Nəqdi İranın ali lideri Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının ABŞ-dən gələn təhdidlər fonunda təhlükəsizlik tədbirləri ilə bağlı olduğunu açıqlamışdı.
İnci
Sfera.az






