ABŞ Ukraynaya xəbərdarlıq etdi: “KXK obyektlərinə hücumları dayandırın”

ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevin Xəzər Boru Kəməri Konsorsiumunun (KXK) neft obyektlərinə hücumları dayandırmalı olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” Ukrayna və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Venslə Zelenski arasında iyulun 31-də baş tutan telefon danışığı zamanı məsələ müzakirə olunub. Bundan sonra Ukrayna KXK terminalının yaxınlığında yerləşən neft tankerlərinə zərbələr endirməyib.
Daha əvvəl “Bloomberg” Vaşinqtonun Kiyevdən Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerlərə və Qazaxıstan neftinin ixracında istifadə olunan KXK infrastrukturuna hücum etməmək barədə razılıq aldığını yazmışdı.
“Financial Times” qeyd edir ki, ABŞ administrasiyası Ukraynaya Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan gəmilərə hücumları dayandırması barədə xəbərdarlıq edib. Söhbət həmçinin KXK-nın neft infrastrukturu ilə bağlı obyektlərdən gedib.
Məlumata görə, Ukrayna daha əvvəl Qara dənizdə neft daşıyan tankerlərə qarşı pilotsuz uçuş aparatları ilə intensiv hücumlar həyata keçirib. ABŞ tərəfi bu hücumların dayandırılmasını tələb edib.
KXK Qazaxıstan neftinin dünya bazarlarına çıxarılmasında əsas marşrutlardan biri hesab olunur. Konsorsiumun boru kəməri sistemi Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Rusiya ərazisindən keçməklə Qara dəniz sahilindəki terminala çatdırılmasını təmin edir.
İnci
Sfera.az






