Naxçıvan – bir coğrafiyadan daha çox…

Naxçıvanı yalnız xəritədəki coğrafi mövqeyi ilə izah etmək mümkün deyil. Bu qədim diyar Azərbaycanın milli yaddaşında, dövlətçilik tarixində, ədəbiyyatında, incəsənətində və mənəvi dünyasında xüsusi yeri olan bir məkandır.
Cənab Prezident İlham Əliyevin Naxçıvandan verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu baxımdan mənim üçün xüsusilə təsirli oldu. Naxçıvanın Azərbaycan xalqının milli iradəsinin, özünüdərkinin və kimliyinin formalaşmasındakı roluna, bu torpağın yetirdiyi böyük şəxsiyyətlərə diqqət çəkilməsi, xüsusilə də Naxçıvanın Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycana bəxş etməsinin vurğulanması bu qədim diyarın mahiyyətini bir daha xatırlatdı.
Bəlkə də buna görə Naxçıvan haqqında danışılan hər söz mənim üçün bir qədər də şəxsi məna daşıyır.
Adımın Araz olması da təsadüf deyil. Atam Naxçıvana bağlılığı ilə yaşayan insanlardan idi. Hətta ən ağır illərdə, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda olduğu dövrdə daha yüksək vəzifədə çalışmaq imkanından imtina edərək Naxçıvana gəlməyi seçmişdi. Çünki onun üçün həmin dövrdə dövlətçiliyin əsas dayaqlarından biri Heydər Əliyevin olduğu Naxçıvan idi.
Araz adını mənə verərkən isə, düşünürəm ki, onun Naxçıvana olan sevgisi, həsrəti və Araz çayının bölünmüş Vətənin yaddaşındakı mənası bir araya gəlmişdi. Vətəni vətəndən ayıran bir çayın adını övladına vermək, bəlkə də, bir nəslin içində yaşatdığı böyük bir arzunun ifadəsi idi.
Həyat belə gətirdi ki, mən də Naxçıvanda ömrümün ən gözəl illərini yaşadım. Şüurumun, dünyagörüşümün, həyata və Vətənə münasibətimin formalaşmasında Naxçıvan illərimin xüsusi yeri oldu. Naxçıvanın insanı da təbiəti kimidir – sərt, təmiz, möhkəm və özünəməxsus. Dağlarının, havasının, iqliminin, tarixinin və o xüsusi ab-havasının insana təsir edən, sözlə tam ifadə olunmayan bir ruhu var.
Ona görə də cənab Prezidentin Naxçıvandan səsləndirdiyi fikirlər sözün əsl mənasında ürəyimə yağ kimi yayıldı.
Naxçıvan Bakıdan görünən sadəcə uzaq bir coğrafiya deyil. Naxçıvan Azərbaycanın tarixidir, yaddaşıdır, mənəvi dayaqlarından biridir. Bu torpaq Azərbaycanın sərvətidir.
Bu gün Naxçıvanın Azərbaycanla daha sıx bağlanması, tarixi və coğrafi bütövlüyümüzə doğru atılan addımlar böyük əhəmiyyət daşıyır. Arzum budur ki, bu yol tariximizin ən gözəl səhifələrində olduğu kimi, bundan sonra da davam etsin.
Azərbaycan bütöv olsun. Azərbaycan güclü olsun. Naxçıvan isə həmişə Azərbaycanın ayrılmaz parçası, milli yaddaşımızın və dövlətçilik ruhumuzun əziz ünvanı olaraq yaşasın.
Araz Əsgərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi






