Putin Qərbə xəbərdarlıq etdi: "Məcbur olacağıq ki..."

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın buna “güzgü prinsipi” ilə cavab verəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Rusiya lideri qeyd edib ki, bəzi Avropa İttifaqı ölkələrinin Rusiya gəmilərinin ələ keçirilməsi və onların yükünün müsadirə edilərək satılması ilə bağlı planları praktiki olaraq həyata keçirilərsə, Moskva cavab tədbirləri görəcək.
“Əgər bu qərar praktikada həyata keçirilməyə başlasa, güzgü prinsipi ilə cavab verməyə məcbur olacağıq”, – Putin deyib.
O vurğulayıb ki, Rusiyanın cavabı mütləq Rusiya gəmilərinə qarşı mümkün əməliyyatların həyata keçirildiyi sularda olmayacaq.
“Bizim özümüzün lazım və məqsədəuyğun hesab etdiyimiz yerdə – istənilən ərazidə, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında baş verə bilər”, – Rusiya Prezidenti bildirib.
Putin hərbçilərə bu məsələyə xüsusi diqqət yetirmələri barədə tapşırıq verib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinə artıq müvafiq göstəriş verilib və Sakit Okean Donanmasının komandanlığı da bu barədə məlumatlandırılıb.
Rusiya lideri mümkün cavab tədbirləri ilə bağlı təkliflərin hazırlanmasını istəyib.
Bununla yanaşı, Putin bildirib ki, Moskva təhlükəsizliyini gücləndirməklə yanaşı, qonşuları və dostları üçün məqbul olan qarşılıqlı kompromislərin axtarışına hazırdır.
“Bunu qarşılıqlı maraqların nəzərə alınması əsasında etməyə hazırıq”, – Putin əlavə edib.
İnci
Sfera.az






