İran 2 həftə sonra hansı qərarı qəbul edəcək? - PROQNOZ

İran 2 həftə sonra hansı qərarı qəbul edəcək? - PROQNOZ
Kateqoriya məlum deyil
T

İran Hörmüz boğazına nəzarəti qanunvericilik səviyyəsində daha da gücləndirməyə hazırlaşır.

Hazırlanan yeni qanun layihəsində bəzi ölkələrin gəmilərinin boğazdan keçidinə məhdudiyyətlərin tətbiqi, eləcə də qaydaları pozan gəmilərə ciddi maliyyə cərimələrinin verilməsi nəzərdə tutulur. Bu addım Tehranın strateji su yoluna nəzarəti itirməmək və mümkün xarici təzyiqlərə qarşı mövqeyini gücləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.

Bəs İranın bu təşəbbüsü hansı siyasi məqsədlərə xidmət edir? Hörmüz boğazında məhdudiyyətlərin artırılması ABŞ ilə qarşıdurmanı yenidən kəskinləşdirə bilərmi? Tehran və Oman arasında yeni marşrutlarla bağlı aparılan danışıqlar hansı nəticələrə gətirib çıxara bilər?

Bu barədə Sfera.az-a danışan siyasətçi Cavanşir Abbaslı bildirib ki, Hörmüz məsələsi artıq İran üçün bir “namus-qeyrət” məsələsinə çevrilib. Onun sözlərinə görə, Hörmüz boğazı ətrafında rəqiblərin hər hansı üstünlük qazanması İranın dünya qarşısında məğlub olması kimi qiymətləndirilə bilər:

“İrandakı hakim dairələr bunu yaxşı bilirlər. Ona görə də hesab edirəm ki, bu qanun layihəsinin hazırlanması və təsdiqlənməsi istiqamətində proseslərin sürətləndirilməsi təsadüfi deyil. Unutmayaq ki, fevralın 28-dən etibarən başlayan müharibənin, daha sonra əldə olunan atəşkəsin, ardınca isə atəşkəsin müddətinin uzadılmasının fonunda İran-ABŞ münasibətlərində gərginlik davam edir. Lakin son bir aya diqqət yetirdikdə görürük ki, artıq savaşın yenidən baş qaldıracağının ciddi əlamətləri müşahidə olunmur. Ara-sıra tərəflər arasında imitasiya xarakterli bir sıra görüşlər keçirilir, lakin bunlar nəticəsiz qalır. Hər iki tərəf öz istədiyini həyata keçirdiyi görüntüsünü yaratmağa çalışır. Artıq Qalibaf və Əraqçinin yenidən Pakistana səfər edəcəyi barədə məlumatlar yayılıb. Hesab edirəm ki, bu da gərginliyin ömrünün uzanmasına səbəb olacaq, başqa bir nəticə verməyəcək”.

C.Abbaslı qeyd edib ki, İran Hörmüz boğazına nəzarəti qorumaqda təkid edəcək:

“Hörmüz məsələsində İranın nəzarəti yenə də əvvəlki kimi qalacaq. Amerikanın bundan sonra burada hər hansı ciddi üstünlük qazanacağını düşünmürəm. Hesab edirəm ki, bu qanun layihəsinin məhz son günlərdə hazırlanması və təsdiqlənməsi məsələsinin gündəmə gətirilməsi də təsadüfi deyil. Çünki Tramp son dövrlərdə Hörmüz boğazı ilə bağlı açıqlamalarında guya nəzarətin və üstünlüyün tamamilə onların tərəfinə keçdiyini bəyan edirdi. Doğrudur, İran tərəfindən bu açıqlamalar təkzib edilirdi, amma belə bəyanatlar müəyyən mənada şübhə yarada bilərdi. Bununla hesab edirəm ki, İrandakı rejim daxili auditoriyaya yönəlmiş müəyyən addımlar atır. Bu qanun layihəsini hazırlamaqla bir növ daxili auditoriyaya mesaj verir ki, Hörmüz boğazı ilə bağlı narahat olmağa ehtiyac yoxdur və üstünlüyü heç bir halda rəqiblərə verməyəcəyik. Məhdudiyyətlərin tətbiqi və qaydaları pozan gəmilərə ciddi maliyyə cərimələrinin nəzərdə tutulması da təsadüfi deyil.

Hesab edirəm ki, bu prosesin tam şəkildə reallaşması real görünür. Çünki İran Hörmüz məsələsini, dediyim kimi, “namus-qeyrət” məsələsinə çevirib və burada hər hansı gücün üstünlük qazanmasına imkan vermək istəmir”. Siyasətçi hesab edir ki, bundan sonra bölgədə gərginlik arta bilər, lakin yeni müharibənin başlaması ehtimalı yüksək deyil: “Bundan sonra hücumların artmasına da şahidlik edə bilərik. Gərginlik yeni mərhələyə qədəm qoya bilər. Lakin burada yeni bir müharibənin başlayacağını ehtimal etmirəm. Gərginlik, sözsüz ki, davam edəcək, amma Amerika tərəfi də görünən odur ki, belə bir riskə getmək istəmir. Xüsusilə Tramp qarşıdan gələn seçkilər ərəfəsində belə riskli addımın onun hakimiyyəti üçün ciddi təhlükə yarada biləcəyinin fərqindədir. Oman məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, müharibə fonunda İranla Oman arasında müəyyən soyuqluq yaranmışdı. Buna səbəb İranın Amerika bazalarına hərbi zərbələr endirməsi zamanı Omandakı bəzi bazaların da zərbələrə məruz qalması idi. Hətta Oman tərəfindən bəzi təhdid xarakterli açıqlamalar da verilmişdi. Doğrudur, İran tərəfi hər addımda bunu təkzib edir və zərbələrin Omanda yerləşən obyektlərə endirilmədiyini bildirirdi. Amma görünən o idi ki, İranın əsas hədəfində olan və zərbələrə tuş gələn nöqtələrdən biri də Oman idi. Ona görə də Omanla yeni marşrutlar üzrə danışıqlar aparılması bir növ “könül almaq” xarakteri daşıyır. Hesab edirəm ki, bunun müəyyən nəticələri də olacaq. Çünki müharibənin ilk günlərindəki vəziyyətlə indiki situasiya arasında tamamilə fərqli mənzərənin yarandığının şahidi oluruq”.

“İlk günlərdə yaranan vəziyyət onu deməyə əsas verirdi ki, İran tərəfindən hər hansı dövlət və ya gücün prosesə müdaxilə etməsi çətin idi. Hətta İranı müdafiə edən bəyanat verməyə belə bir çox tərəf çəkinirdi. Amma indi tamamilə fərqli situasiya yaranıb. İranın mövqeyini dəstəkləyən dövlətlərin, eləcə də tanınmış və dünyaca məşhur simaların sayının getdikcə artdığını görürük. Bu isə o deməkdir ki, artıq bu müharibə də əvvəlki aktuallığını itirərək tarixə keçmək üzrədir. Yəqin ki, yaxın zamanlarda, bu ilin sonu və ya gələn ilin əvvəllərində tərəflər arasında ömrü çox uzun olmayan bir anlaşma imzalanacaq”, – politoloq vurğulayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR