İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq

İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq
Kateqoriya məlum deyil
T

İran Hörmüz boğazına nəzarəti daha da gücləndirməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, İran parlamentində Hörmüz boğazının idarə olunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması başa çatmaq üzrədir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib ki, ekspert rəylərinin alınmasından sonra layihənin iki həftədən az müddətdə parlamentin plenar iclasında təqdim olunması gözlənilir.

Deputatın sözlərinə görə, sənəd hazırda komitənin gündəliyindədir və mütəxəssislər tərəfindən araşdırılır. İran parlamentinin müvafiq komitəsi avqustun 9-da Hörmüz boğazının təhlükəsizliyi və idarə olunması ilə bağlı qanun layihəsinin ümumi müddəalarını təsdiqləyib.

Layihənin hazırlanması Hörmüz boğazı ətrafında artan gərginliyin fonunda baş verir. Daha əvvəl İran parlamentində ABŞ, İsrail və Tehran tərəfindən “düşmən” hesab edilən digər ölkələrin gəmilərinin boğazdan keçidinə məhdudiyyət qoyulmasını nəzərdə tutan müddəalar müzakirəyə çıxarılmışdı. Layihədə qaydaları pozan gəmilər üçün yükün dəyərinin 20 faizədək cərimə tətbiqi də nəzərdə tutulur.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən İranın boğaz üzərində nəzarəti qanunvericilik səviyyəsində genişləndirmək cəhdi yalnız Tehranla ABŞ arasındakı münasibətlər baxımından deyil, qlobal neft və qaz tədarükü üçün də mühüm nəticələr yarada bilər.

Hazırda İran və Oman arasında boğazdan keçid üçün yeni marşrutların müəyyənləşdirilməsi ilə bağlı danışıqlar da davam edir. Tehran boğazın açılması məsələsində ABŞ-dan bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR