Baydendən Trampa: Əliyev Azərbaycan-ABŞ münasibətlərini necə dəyişdi?

Bu gün – 8 avqust 2026-cı ildə Azərbaycan-Ermənistan sülh prosesində və Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaradan Vaşinqton görüşündən bir il ötür.
2025-ci il avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsası qoyuldu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı, regional kommunikasiyaların açılması ilə bağlı yeni imkanlar yarandı.
Bir il əvvəl Vaşinqtonda baş verənlər yalnız həmin günün siyasi gündəmi ilə məhdudlaşmadı. Əksinə, sonrakı aylarda atılan addımlar göstərdi ki, söhbət həm Azərbaycan-ABŞ münasibətlərinin yenidən formatlanmasından, həm də Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallığın formalaşdırılmasından gedir.
Məhz bu tarix Azərbaycan-ABŞ münasibətlərinin əvvəlki mərhələsinə də yenidən nəzər salmaq zərurəti yaradır. Çünki Vaşinqtonda əldə olunan nəticəni anlamaq üçün iki ölkə arasında son illərdə münasibətlərin hansı mərhələlərdən keçdiyini, xüsusilə Bayden administrasiyası dövründə yaranmış fikir ayrılıqlarını və Donald Trampın hakimiyyətə qayıdışından sonra baş verən dəyişiklikləri müqayisə etmək lazımdır.
Əslində, bu gün Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan transformasiya birdən-birə meydana çıxmayıb. Onun arxasında 30 ildən artıq tarix, qarşılıqlı əməkdaşlıq, enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq, eyni zamanda müxtəlif dövrlərdə yaranmış siyasi fikir ayrılıqları dayanır. Lakin bu prosesin ən kəskin dönüş nöqtəsi Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra yaşandı.
Bir tərəfdə Bayden administrasiyası dövründə Bakı ilə Vaşinqton arasında dərinləşən siyasi fikir ayrılıqları, 907-ci düzəlişlə bağlı mövqenin dəyişməsi və qarşılıqlı etimadın zəifləməsi vardısa, digər tərəfdə Tramp administrasiyası ilə münasibətlərin sürətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi müşahidə edildi.
Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası ilə Azərbaycan-Ermənistan arasında sülh prosesinin sürətlənməsi əslində iki ayrı hadisə deyil. Bu proseslər bir-birini tamamlayan, Cənubi Qafqazın yeni geosiyasi düzəninin formalaşmasına xidmət edən vahid xəttin elementləridir.
907-ci düzəliş: münasibətlərin üzərində 33 il qalan kölgə
ABŞ-Azərbaycan münasibətlərində ən uzunömürlü problemlərdən biri 1992-ci ildə qəbul edilmiş “Freedom Support Act”ın 907-ci bölməsi idi. Bu düzəliş Azərbaycan hökumətinə ABŞ tərəfindən birbaşa yardım göstərilməsini məhdudlaşdırırdı. Səbəb kimi Azərbaycanın Ermənistana və keçmiş Dağlıq Qarabağ bölgəsinə qarşı blokada və güc tətbiq etdiyi iddiası göstərilirdi. Azərbaycan tərəfi isə uzun illərdir 907-ci düzəlişi ölkəmizə qarşı ədalətsiz və birtərəfli yanaşmanın simvolu hesab edir. Prezident İlham Əliyev 2026-cı ilin iyulunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdi ki, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresində ermənipərəst senatorların təşəbbüsü ilə qəbul edilib və həmin dövrdə senator olan Cozef Bayden də bu prosesdə iştirak edən şəxslərdən biri olub.
Burada mühüm bir hüquqi detal var: 907-ci düzəliş Konqres tərəfindən qəbul edilmiş qanunvericilik məhdudiyyətidir. 2001-ci ildən prezidentə müəyyən şərtlər daxilində bu məhdudiyyətin tətbiqini dayandırmaq səlahiyyəti verildi və sonrakı illərdə ABŞ prezidentləri həmin səlahiyyətdən istifadə etdilər. Azərbaycan da ABŞ-nin Əfqanıstandakı əməliyyatlarında mühüm nəqliyyat-logistika imkanları təqdim edən tərəf kimi Vaşinqton üçün əhəmiyyətli tərəfdaş oldu. Lakin münasibətlərdəki bu balans 2023-cü ildə dəyişdi. Bayden administrasiyası 2023-cü ildə 907-ci düzəliş üzrə əvvəlki praktikadan fərqli olaraq onun tətbiqini dayandırmadı. Bakı bunu Vaşinqtonun Azərbaycana münasibətində ciddi siyasi dəyişiklik kimi qiymətləndirdi.
Prezident İlham Əliyev daha sonra bu addımın Azərbaycan-ABŞ münasibətlərində böhranın əsas səbəblərindən birinə çevrildiyini bildirdi. Onun sözlərinə görə, ABŞ-nin Əfqanıstandan çıxmasından sonra Azərbaycanın Vaşinqton üçün əvvəlki geosiyasi əhəmiyyətini itirdiyi düşüncəsi formalaşmışdı və bunun ardınca 907-ci düzəliş yenidən gündəmə gətirilmişdi. Bu yanaşma Vaşinqtonun öz rəsmi mövqeyi ilə tam üst-üstə düşməsə də, bir fakt danılmaz idi: 2023-2024-cü illərdə Bakı ilə Vaşinqton arasında siyasi etimad əvvəlki illərlə müqayisədə ciddi şəkildə zəifləmişdi.
Bayden administrasiyasının ziddiyyətli siyasəti
Maraqlıdır ki, Bayden administrasiyasının Azərbaycanla münasibətlərində yalnız mənfi məqamlar olmayıb. Məsələn, 2024-cü ilin mayında Prezident Cozef Bayden İlham Əliyevə məktubunda ABŞ-nin Azərbaycanla 30 ildən artıq müddətdə enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlıq etdiyini vurğulayırdı. O, Azərbaycanın Əfqanıstanda ABŞ ilə əməkdaşlığını, Cənub Qaz Dəhlizindəki rolunu və COP29-a ev sahibliyini xüsusi qeyd edirdi. Eyni zamanda ABŞ-nin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini bildirirdi. Deməli, problem münasibətlərin tamamilə kəsilməsi deyildi. Əsas məsələ siyasi yanaşmaların ziddiyyətli olması idi.
Bir tərəfdən Vaşinqton Azərbaycanı enerji təhlükəsizliyi, COP29, regional bağlantılar və sülh prosesində vacib tərəfdaş kimi görürdü. Digər tərəfdən isə Bakıya qarşı təzyiq elementləri, insan hüquqları və siyasi məsələlər ətrafında sərt ritorika və 907-ci düzəlişin tətbiqinin bərpası münasibətlərdə əlavə gərginlik yaradırdı.
2024-cü ilin iyununda Blinkenlə telefon danışığında ABŞ dövlət katibi Azərbaycanın və Ermənistanın sülh gündəliyində əldə etdiyi nəticələri müsbət qiymətləndirmiş, Vaşinqtonun iki ölkə arasında normallaşmanı dəstəklədiyini və Azərbaycanla ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirmişdi. Hətta 2024-cü ilin oktyabrında Bayden İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını açıq şəkildə dəstəkləmişdi. O, belə bir sazişin regionda ticarət, investisiya və bağlantı imkanlarını genişləndirəcəyini qeyd etmişdi. Lakin problem məhz burada idi: Vaşinqtonun sülh çağırışları ilə Azərbaycanla münasibətlərdə tətbiq etdiyi siyasi alətlər arasında müəyyən uyğunsuzluq yaranmışdı.
Trampın qayıdışı: münasibətlərdə yeni hesab
Donald Trampın 2025-ci ildə Ağ Evə qayıtması ilə ABŞ-nin Cənubi Qafqaz siyasətində fərqli yanaşma ortaya çıxdı. Prezident İlham Əliyev Trampın prezidentliyinin başlanması münasibətilə 21 yanvar 2025-ci ildə ona ünvanladığı məktubda iki ölkənin enerji, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində uzunmüddətli əməkdaşlığını vurğuladı və yeni prezidentlik dövründə Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirdi. Bu münasibətlər təkcə məktublaşma səviyyəsində qalmadı. 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Donald Trampla görüşü iki ölkə münasibətlərində dönüş nöqtəsinə çevrildi. Avqustun 7-də İlham Əliyev Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla da görüşdü. Tərəflər Azərbaycan-ABŞ strateji əməkdaşlığının perspektivlərini, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regional sülh gündəliyini müzakirə etdilər. Həmin görüşdən əvvəl SOCAR ilə “ExxonMobil” arasında əməkdaşlıq memorandumu da imzalandı. Əsas hadisə isə avqustun 8-də baş verdi.
8 avqust - münasibətlərin yeni səhifəsi
Vaşinqtonda Prezident İlham Əliyev və Donald Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzaladılar. Bu sənəd əslində münasibətlərin yeni modelinin konturlarını müəyyənləşdirdi.
Tərəflər altı ay ərzində strateji tərəfdaşlıq xartiyasını hazırlamaq üçün işləyəcəkdilər. İşçi qrupun fəaliyyətinin üç əsas istiqaməti müəyyənləşdirildi:
• regional bağlantı, enerji, ticarət və tranzit;
• iqtisadi investisiyalar, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur;
• təhlükəsizlik əməkdaşlığı.
Eyni gün 907-ci düzəliş məsələsində də mühüm siyasi addım atıldı. Donald Tramp prezident səlahiyyətləri çərçivəsində 907-ci düzəliş üzrə tətbiq olunan məhdudiyyətin dayandırılması ilə bağlı qərar verdi. Bu, hüquqi baxımdan Konqresin qəbul etdiyi qanunun tam ləğvi demək deyildi. Bununla belə, siyasi baxımdan 1992-ci ildən ABŞ-Azərbaycan münasibətlərinin üzərində dayanan ən ciddi problemlərdən birinin aradan qaldırılması istiqamətində mühüm mesaj idi.
Prezident İlham Əliyev bu addımı “33 illik sanksiyaların sonu” kimi qiymətləndirdi və onun Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığını bildirdi. Başqa sözlə, Trampın addımı yalnız praktiki deyil, həm də simvolik əhəmiyyət daşıyırdı.
TRIPP: Zəngəzur istiqamətinin geosiyasi layihəyə çevrilməsi
8 avqust Vaşinqton görüşünün digər mühüm nəticəsi Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə keçməsi oldu.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi layihəsinin mətnini parafladılar. Sənəddə dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması, gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina etməsi kimi fundamental prinsiplər əksini tapdı. Eyni zamanda, regional kommunikasiyaların açılması məsələsi yeni format aldı. Burada “Trump Route for International Peace and Prosperity” - TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.
Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılmasını nəzərdə tutur. Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında TRIPP ayrıca qeyd edilir və onun regional ticarət, tranzit və bağlantı imkanlarını genişləndirəcəyi vurğulanır.
Bu, Azərbaycanın illərdir irəli sürdüyü Zəngəzur istiqamətində nəqliyyat bağlantısının artıq yalnız Bakı ilə İrəvan arasında mübahisəli məsələ olmaqdan çıxaraq daha geniş beynəlxalq layihəyə çevrilməsi deməkdir.
Başqa sözlə, məsələ artıq təkcə Azərbaycan-Ermənistan münasibətlərinin deyil, ABŞ-nin da regional strateji maraqlarının bir hissəsidir.
Altı ay sonra: Xartiya imzalandı
Vaşinqtonda əldə olunan razılaşmadan düz altı ay sonra 2026-cı il fevralın 10-da – ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsinin hüquqi-siyasi çərçivəsi tamamlandı.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıy–Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı.
Xartiyanın məzmununa baxdıqda bunun sadəcə diplomatik sənəd olmadığı aydın görünür.
Sənəddə tərəflər bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini bir daha təsdiqləyirlər.
Bununla yanaşı, əməkdaşlığın istiqamətləri kifayət qədər geniş müəyyənləşdirilir:
regional bağlantı, enerji, ticarət, tranzit, investisiya, süni intellekt, rəqəmsal infrastruktur, texnologiya, təhlükəsizlik və özəl sektorlar arasında əməkdaşlıq. Bu isə əvvəlki münasibət modelindən ciddi fərqlənir. Əvvəllər Azərbaycan-ABŞ münasibətlərində enerji və təhlükəsizlik əsas sütunlar idisə, indi bu sütunlara logistika, texnologiya, investisiya və regional bağlantı əlavə olunur.
Vens səfəri nəyi göstərdi?
Cey Di Vensin Bakı səfəri yalnız Xartiyanın imzalanması ilə yadda qalmadı. Prezident İlham Əliyev həmin görüşdə Tramp-Vens administrasiyasının Azərbaycana münasibətini xüsusi qeyd edərək Xartiyanın imzalanmasını altı aylıq intensiv işin nəticəsi adlandırdı. Dövlət başçısı həmçinin ABŞ administrasiyasının Cənubi Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Bu mərhələdə artıq münasibətlərdə əvvəlki “təzyiq – cavab” modelindən daha çox “maraq – qarşılıqlı fayda” modelinə keçid görünür.
ABŞ üçün Azərbaycan Orta Dəhlizin mühüm hissəsi, enerji və nəqliyyat bağlantılarının kəsişmə nöqtəsi, Xəzər regionunun əsas aktorlarından biridir. Azərbaycan üçün isə ABŞ dünyanın ən güclü dövlətlərindən biri və yeni texnologiya, investisiya, təhlükəsizlik və qlobal siyasi imkanlara çıxış baxımından mühüm tərəfdaşdır. Bu maraqların üst-üstə düşməsi münasibətlərin siyasi romantikadan daha çox praqmatik əsaslara keçməsinə şərait yaradır.
Tramp-Əliyev xətti: şəxsi münasibətlərdən dövlətlərarası tərəfdaşlığa
Bu prosesdə liderlərarası münasibətlərin də xüsusi rolunu qeyd etmək lazımdır. 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən görüşdən sonra Prezident İlham Əliyev Donald Tramp ilə şəxsi münasibətlərin dövlətlərarası əlaqələrə müsbət təsir göstərəcəyini bildirmişdi.
Bu münasibətlər sonrakı məktublaşmalarda da davam etdi. 2025-ci ilin dekabrında Prezident İlham Əliyev Trampa göndərdiyi məktubda onun qlobal münaqişələrin həlli və sülh proseslərinə töhfəsini yüksək qiymətləndirdi. Tramp isə cavab məktubunda Azərbaycan və Ermənistan liderlərinin sülh təşəbbüsünə dəstəyini ifadə etdi. 2026-cı ilin mayında isə Tramp İlham Əliyevə məktubunda açıq şəkildə bildirdi ki, 2025-ci ilin avqustunda keçirilmiş Vaşinqton sammitindən sonra iki ölkə münasibətlərini yenidən canlandırmaq istiqamətində işləyib və bunun nəticəsində 2026-cı ilin fevralında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Tramp həmçinin Azərbaycan-Ermənistan arasında davamlı sülhü dəstəklədiyini vurğuladı. Bu məktublaşmalar göstərir ki, söhbət yalnız bir görüşün yaratdığı siyasi effektdən getmir. Münasibətlərin yeni institusional çərçivəsi formalaşdırılır.
Bəs sülh prosesi niyə ABŞ-Azərbaycan münasibətlərindən ayrı deyil?
Əslində, bu sual prosesin mahiyyətini izah edən əsas məqamlardan biridir. ABŞ-nin Cənubi Qafqazda yeni strategiyasının mərkəzində artıq yalnız münaqişənin idarə olunması deyil, münaqişədən sonrakı regional düzənin formalaşdırılması dayanır.
Azərbaycan-Ermənistan arasında sülh isə bu düzənin əsas şərtidir. Çünki sülh olmadan Zəngəzur istiqamətində nəqliyyat bağlantısının tam qurulması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, ABŞ şirkətlərinin regiona daha böyük həcmdə daxil olması, enerji və rəqəmsal layihələrin inkişafı və Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında bağlantı platformasına çevrilməsi çətinləşir. Bu baxımdan TRIPP sadəcə yol və ya dəmir yolu layihəsi deyil. O, sülhün iqtisadi mexanizmə çevrilməsi cəhdidir. Məhz buna görə də ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə Azərbaycan-Ermənistan sülh prosesini bir-birindən ayırmaq getdikcə çətinləşir.
Ən mühüm dəyişiklik: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil
Burada daha bir məqamı nəzərə almaq lazımdır. 1992-ci ildə 907-ci düzəliş qəbul ediləndə Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, iqtisadi imkanları məhdud və müharibə şəraitində olan ölkə idi. 2026-cı ilin Azərbaycanı isə tamamilə fərqli geosiyasi və iqtisadi çəkidədir. Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb nəqliyyat bağlantısının əsas hissələrindən birinə çevrilib, Xəzər hövzəsində strateji mövqeyə malikdir və Cənubi Qafqazın siyasi gündəliyinin əsas aktorlarından biridir. Bu səbəbdən 907-ci düzəlişin siyasi əhəmiyyəti bu gün onun praktiki iqtisadi nəticəsindən daha böyükdür. Prezident İlham Əliyev də 2025-ci ildə qeyd etmişdi ki, Azərbaycan artıq xarici yardımdan asılı ölkə deyil və 907-ci düzəlişin bu gün əsas əhəmiyyəti siyasi və simvolik xarakter daşıyır.
Yəni Vaşinqtonun 2025-ci ildə verdiyi qərar əslində Azərbaycanın ABŞ yardımına ehtiyacı olduğu üçün deyil, iki ölkə arasındakı münasibətlərdə uzun müddət mövcud olmuş siyasi maneənin aradan qaldırılması baxımından önəmlidir.
İndi əsas məsələ - bu dönüş davamlı olacaqmı?
Bütün bunlarla yanaşı, münasibətlərin yeni mərhələsini yalnız siyasi bəyanatlarla ölçmək düzgün olmaz. Strateji tərəfdaşlığın real nəticəsi bundan sonra ortaya çıxacaq. ABŞ şirkətlərinin Azərbaycana investisiyaları, rəqəmsal və enerji layihələri, təhlükəsizlik əməkdaşlığı, Orta Dəhliz və TRIPP-in reallaşdırılması bu tərəfdaşlığın praktik göstəricilərinə çevrilə bilər. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşdırılması da vacibdir. 2025-ci ilin avqustunda sülh sazişi layihəsi paraflansa da, 2026-cı ilin iyulunda tərəflər arasında yekun sənədin imzalanmadığı və Ermənistan Konstitusiyasındakı ərazi iddiaları ilə bağlı məsələnin Bakının əsas tələbi olaraq qaldığı bildirilirdi. Buna baxmayaraq, tərəflər arasında “real sülh” mühitinin yarandığı, ticarət və birbaşa təmasların bərpa olunduğu qeyd edilir.
Deməli, proses başa çatmayıb. Amma istiqamət artıq dəyişib.
Vaşinqton-Bakı münasibətlərində “köhnə səhifə” bağlanır
ABŞ-Azərbaycan münasibətlərində baş verən transformasiyanı sadəcə Trampın Azərbaycan siyasətindəki dəyişiklik kimi qiymətləndirmək doğru olmaz. Burada həm Vaşinqtonun Cənubi Qafqazla bağlı geosiyasi prioritetləri, həm Azərbaycanın artan regional çəkisi, həm də Azərbaycan-Ermənistan münaqişəsinin yeni reallıqlar əsasında həll olunması amili bir araya gəlib. Bayden administrasiyası dövründə münasibətlərdə yaranan ciddi siyasi gərginlik və etimad böhranı 2025-ci ildən etibarən tamamilə fərqli yanaşma ilə əvəzlənməyə başlayıb. 907-ci düzəliş üzrə məhdudiyyətin dayandırılması, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, Vaşinqton sülh sammiti, TRIPP layihəsi və nəhayət Xartiyanın 2026-cı ilin fevralında Bakıda imzalanması bu dəyişimin mərhələləridir. Bu mənada 8 avqust 2025-ci il tarixini xüsusi qeyd etmək lazımdır. Çünki həmin gün həm Azərbaycan-Ermənistan sülh prosesində tarixi addım atıldı, həm Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlığın təməli qoyuldu, həm də regionun gələcək nəqliyyat xəritəsinə dair yeni perspektiv yarandı.
Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, Cənubi Qafqazda son onilliklərin ən böyük dəyişikliklərindən biri baş verə bilər: münaqişə üzərindən qurulan regional siyasət tədricən bağlantı, ticarət, enerji və iqtisadi əməkdaşlıq üzərindən qurulan yeni sistemlə əvəzlənə bilər.
Bu isə Azərbaycan üçün yalnız ABŞ ilə münasibətlərin yaxşılaşması deyil.
Bu, Azərbaycanın özünü regionun əsas geosiyasi və iqtisadi mərkəzlərindən biri kimi qəbul etdirməsinin növbəti mərhələsidir.
Firuzə Əliyeva






