Tramp: Venesuela ilə birlikdə dünya neft və qaz ehtiyatlarının 60 faizi bizdədir

ABŞ Prezidenti Donald Tramp Venesuelanı da nəzərə aldıqda, ABŞ-nin dünya neft və qaz ehtiyatlarının 60 faizinə sahib olduğunu iddia edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı Venesuelanın enerji resurslarını ABŞ-nin enerji potensialının tərkib hissəsi kimi qiymətləndirib.
“Bizdə dünyadakı istənilən ölkədən daha çox benzin, daha çox neft və qaz var. İndi buna Venesuelanı da əlavə edin. Onu da hesablasaq, dünya neft və qaz ehtiyatlarının 60 faizi bizdə olacaq”, – deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl Tramp özünün sosial şəbəkə hesabında Venesuelanın ABŞ-nin 51-ci ştatı kimi təsvir olunduğu şəkil paylaşmışdı. Həmin paylaşım onun Venesuelanın enerji ehtiyatları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yayımlanıb.
ABŞ prezidenti sosial şəbəkədəki digər paylaşımında hazırda reytinqinin siyasi karyerası ərzində ən yüksək səviyyədə olduğunu da iddia edib. O, tərəfdarlarını radikal sol qüvvələrin yaydığı “saxta” sorğu nəticələrinə inanmamağa çağıraraq, həmin sorğuların etibarlı olmadığını bildirib.
İnci
Sfera.az






