Donald Tramp: “İranı çox sərt vuracağıq”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında sərt mesajlar verib.
Sfera.az xəbər verir ki, Tramp İranın ABŞ-la razılaşmaya getməməsi halında ölkəyə qarşı hücumların daha da sərtləşdirilə biləcəyini bildirib.
“Onları çox sərt vuracağıq. Bir nöqtədə ‘Artıq dözə bilmirik’ deyəcəklər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
ABŞ qüvvələri 13 gecədir fasiləsiz davam edən hava hücumlarından sonra İrana qarşı bombardmanı dayandırıb. ABŞ mətbuatının məlumatına görə, Tramp İrana qarşı hücumları daha da intensivləşdirməyi nəzərdən keçirsə də bu planı hələlik təxirə salıb.
ABŞ Prezidenti qlobal gündəmlə bağlı jurnalistlərə açıqlamasında İranla bağlı da danışıb.
“Biz sadəcə qalib gəlmək istəyirik. Çox yaxşı gedirik. Belə bir vəziyyətdə mümkün qədər nəzakətli olmağa çalışırıq. Onlar məhv edilir”, – Tramp deyib.
Jurnalistin İranla bağlı ordunun prezidentə böyük bir əməliyyat təklif etdiyi barədə sualına Tramp belə cavab verib:
“Biz artıq böyük bir əməliyyat həyata keçirmişik. Böyük deyəndə nəyi nəzərdə tutursunuz?”
Tramp İranla razılaşma ehtimalının olduğunu da bildirib. Lakin İran tərəfinə etimadının azaldığını deyib:
“İranla razılaşa bilərik. Amma onlara olan inamımı itirirəm, çünki yalan danışırlar. Onları çox sərt vuracağıq. Bir nöqtədə ‘Artıq dözə bilmirik’ deyəcəklər”.
ABŞ Prezidenti Qəzza ilə bağlı da açıqlamalar verib.
Tramp İsrailin əldə olunan razılaşmadan məmnun olduğunu və bu prosesdə ABŞ-a kömək etdiyini bildirib.
“İsrail bu vəziyyətdən çox məmnundur. İsrail bu məsələdə bizə kömək etdi. Çox yaxşı davrandılar. Heç kim HƏMAS-ın tərksilah edilməsinin mümkün olacağını düşünmürdü. Bu, İran məsələsində nə qədər böyük uğur əldə etdiyimizi göstərir. Dörd-beş ay əvvələ qayıdın, belə bir razılaşma tamamilə mümkünsüz görünürdü. Bu, Yaxın Şərq üçün çox böyük addımdır”, – deyə Tramp qeyd edib.
Mənsumə






