Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.
Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.
Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – "Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim.
Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətli İlham Heydər oğlu, icazə verin, "Manas” ordenini Sizə təqdim edim.






