Trampın səbri tükənir

ABŞ Prezidenti Donald Trampın müşavirlərinin İranla bağlı məqsədlər və müharibənin növbəti mərhələsi barədə ortaq mövqeyə gələ bilməməsindən narazı olduğu iddia edilir.
Sfera.az xəbər verir ki, “NBC News”-un məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Tramp və yaxın çevrəsi ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlarla başlayan müharibə ilə bağlı bundan sonra atılacaq addımları müəyyənləşdirməyə çalışır.
Adlarının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, Tramp yüksək səviyyəli müşavirləri və müttəfiqləri arasında müharibənin əsas məqsədi ilə bağlı fikir birliyinin olmamasından getdikcə daha çox məyus olur.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti mövcud vəziyyətdən narazıdır. Bildirilir ki, Tramp ötən həftə yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə keçirilən görüş zamanı sərt reaksiya göstərib və hətta səsini yüksəldib.
Mənbələrdən biri Trampın vəziyyətdən “bezgin” olduğunu və İranı razılaşmaya inandırmağın bu qədər çətin olacağını gözləmədiyini bildirib.
Həmin mənbə, həmçinin müharibənin sonlandırılması üçün konkret strategiyanın olmadığını iddia edib. Onun sözlərinə görə, tərəflərin son nəticəyə necə və nə qədər müddətdə çatacağı ilə bağlı Ağ Evdə hələ də aydın plan formalaşmayıb.
Mənsumə






