Zelenski Trampın sülh təklifini cavabsız qoyacaq? - PROQNOZ

Zelenski Trampın sülh təklifini cavabsız qoyacaq? - PROQNOZ
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra səsləndirdiyi açıqlamalar Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Zelenskidən israrla müharibəyə son qoymasını tələb etdiyini bildirərək, "Mən ondan müharibəyə son qoymağı israrla tələb etdim", deyib.

Bu bəyanat Vaşinqtonun münaqişənin gedişinə təsir imkanları, Kiyevin belə bir çağırışa necə reaksiya verəcəyi və mümkün atəşkəs perspektivləri ilə bağlı sualları artırıb.

Bəs Zelenski Trampın bu çağırışını nəzərə ala bilərmi? Atəşkəsə nail olunması nə dərəcədə real görünür və müharibənin başa çatması üçün yaxın perspektivdə hansı ssenarilər mümkündür?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiya-Ukrayna müharibəsi və onun gedişatını, nəticələrini nəzarətdə saxlamağa çalışır. Yəni atəşkəs tələbi münaqişənin, müharibənin bitməsi mənasına gəlmir. Onun sözlərinə görə, atəşkəs mövcud reallıqların, döyüş meydanındakı vəziyyətin dondurulması kimi daha çox xarakterizə oluna bilər və bu, heç bir halda sülh müqaviləsi kimi şərh edilə bilməz:

“Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarından gözləntilərini daha çox ehtiyatlı nikbinlik üzərində qurur. Çünki Donald Tramp administrasiyası Ukrayna ilə bağlı məsələdə fərqli meyar tətbiq etməyə çalışır. Birincisi, Donald Tramp şəxsən özü avroatlantik institutları, avroatlantik normaları və paradiqmaları hədəfə alır ki, bu da Ukraynaya dəstək məsələsində Birləşmiş Ştatların mövqeyində müəyyən sürüşmələr yaradır. İkincisi, Donald Trampın Rusiya ilə sövdələşmə imkanlarının daha geniş bir paket kimi nəzərdən keçirildiyi diqqət mərkəzindədir. Belə olan vəziyyətdə Ukraynaya yardımın hansı səviyyədə olacağı suallar doğurur və Vaşinqton Ukrayna ilə bağlı məsələdə daha çox Rusiyanın ambisiyalarını cilovlamağa çalışır. Və bu ambisiyaların cilovlanması heç də Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması hesabına baş vermir. Lakin Volodimir Zelenski də ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipiallıq nümayiş etdirir. Belə olan təqdirdə siyasi iradə istər-istəməz Amerika Birləşmiş Ştatlarını Ukrayna ilə bağlı əvvəlki mövqeyə qayıtmağa təhrik edir”.

A.Kərimov qeyd edib ki, böyük şahmat taxtasında Ukraynanın taleyini daha çox Birləşmiş Ştatlar-Rusiya sövdələşmələri, danışıqları həll edəcək:

“Döyüş meydanında da hələlik vəziyyət Ukraynanın xeyrinə deyil. Ukraynanı üstün edən yeganə məqamdan biri Rusiya daxilində güclü hərbi və kəşfiyyat əməliyyatları aparmasıdır ki, bu da Kreml qarşısında onun mövqelərini gücləndirir. Lakin Rusiya da maksimalist məqsədlərindən geri çəkilmir və Vladimir Putin özü də dəfələrlə, hətta Rusiya daxilində ciddi problemlərin yarandığı, təhlükəsizlik boşluqlarının üzə çıxdığı bir məqamda belə, maksimalist məqsədlərinin həyata keçiriləcəyini bəyan edib. Görünür ki, Rusiyanın əlində də müharibənin gedişatını dəyişmək üçün müəyyən strategiyalar mövcuddur. Ancaq onun həyata keçirilməsi bir qədər problematikdir. Ona görə ki, Birləşmiş Ştatlar strategiyası Rusiyanın strategiyası qarşısında güclüdür və Birləşmiş Ştatlar prosesi yönləndirməklə, əslində, Rusiyanı da öz nəzarət orbitində saxlamağa çalışacaq”.

Siyasi şərhçi vurğulayıb ki, büharibənin bitmə ehtimalından danışmaq tezdir. Müharibənin dondurulması baş verə bilər ki, bu da hələ yaxın gələcək üçün real görünmür.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR