"Magistraturaya qəbul sistemi dəyişməlidir" - Ekspertdən ETİRAZ

"Magistraturaya qəbul sistemi dəyişməlidir" - Ekspertdən ETİRAZ
Kateqoriya məlum deyil
T

Bu il magistratura ixtisasları üzrə ayrılan 17 min 688 plan yerindən 13 min 845-i dolub. Nəticədə 3 min 843 yer vakant qalıb.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu nəticə əvvəlcədən gözlənilən idi. Ekspertin sözlərinə görə magistraturaya 23 minə yaxın şəxs qeydiyyatdan keçsə də, ixtisas seçiminə buraxılanların sayı plan yerlərindən az idi. Buna görə də müəyyən sayda plan yerinin boş qalacağı əvvəlcədən məlum idi. Son nəticədə də 17 min 688 plan yerinə cəmi 13 min 845 nəfər qəbul olundu.


R.Nurəliyev hesab edir ki, əsas problemlərdən biri magistraturaya qəbul imtahanının formatıdır:


"Bu gün humanitar ixtisası bitirən tələbə magistraturaya qəbul olmaq üçün riyazi məntiq, informatika, xarici dil və esse üzrə imtahan verir. Halbuki gələcəkdə tarixçi, filoloq və ya coğrafiyaçı kimi akademik fəaliyyət göstərəcək şəxs öz ixtisası üzrə heç bir sualla qarşılaşmır. Bu, akademik karyeranın məntiqinə uyğun deyil".


Ekspert bildirib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində vahid magistratura qəbul imtahanı tətbiq edilmir:


"Avropa ölkələrinin böyük əksəriyyətində, ABŞ-də, Rusiyada, Gürcüstanda və bir sıra digər ölkələrdə magistraturaya qəbul GPA, motivasiya məktubu, tövsiyə məktubu, müsahibə və digər akademik göstəricilər əsasında aparılır. İmtahan keçirilən ölkələrdə isə əsasən ixtisas fənləri üzrə biliklər yoxlanılır. Azərbaycanda isə qəbul tamamilə fərqli prinsiplərlə həyata keçirilir".


Onun sözlərinə görə, mövcud sistem gənclərin magistraturaya marağını azaldır:


"Hər il ali məktəbləri 50-60 min gənc bitirir, amma onların yarısı belə magistraturaya müraciət etmir. Bu vəziyyət gələcəkdə ali təhsil müəssisələri üçün elmi-pedaqoji kadr hazırlığında problemlər yarada bilər".


Ramin Nurəliyev hesab edir ki, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul mexanizmini yenidən nəzərdən keçirməlidir:


"Magistraturaya qəbul sistemi dəyişməlidir. GPA, akademik nailiyyətlər və ixtisas bilikləri əsas götürülməli, qəbul beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Bu həm magistraturaya marağı artıracaq, həm də gələcəkdə daha peşəkar kadrların yetişməsinə imkan verəcək".

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR