Tramp Çini İranla bağlı təhdid etdi – Vəziyyət gərginləşəcək?

Tramp Çini İranla bağlı təhdid etdi – Vəziyyət gərginləşəcək?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Çinin Pakistan vasitəsilə İrana daşınan zenit-raket kompleksləri (DZRK) tədarük edə biləcəyi ilə bağlı iddiaların doğru olacağı təqdirdə Vaşinqtonun buna ciddi reaksiya verəcəyini bildirməsi yenidən Pekinin mümkün addımlarını gündəmə gətirib.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasətçi Cavanşir Abbaslı hesab edir ki, dünyada geosiyasi düzən getdikcə Rusiya və Çinin formalaşdırdığı güc mərkəzi ətrafında cəmləşir. Onun sözlərinə görə, İran da son hadisələr fonunda bu prosesdə xüsusi yer tutur:


“Hazırda Amerika dünyada əsas iqtisadi rəqibinin Çin olduğunu yaxşı bilir. Hesab edirəm ki, gələcəkdə də proseslər daha çox gərginliyə doğru inkişaf edəcək. ABŞ heç bir halda Çin iqtisadiyyatının dünyanın aparıcı gücünə çevrilməsini qəbul edə bilməz”.


Siyasətçi hesab edir ki, Çin açıq şəkildə İrana hərbi yardım göstərməyəcək. Lakin onun fikrincə, pərdəarxası və gizli kanallar vasitəsilə müəyyən dəstəyin göstərilməsi ehtimalını istisna etmək olmaz:


“Çin bu müharibədə Amerikanın ciddi şəkildə zəifləməsini və nüfuzunun sarsılmasını öz maraqlarına uyğun hesab edir. ABŞ-nin beynəlxalq aləmdə mövqeyinin zəifləməsi ilk növbədə Çinin, paralel olaraq isə Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq, Pekin açıq şəkildə belə addım atmağa cəsarət etməz. Çünki bu halda təkcə ABŞ-ni deyil, Avropanın aparıcı dövlətlərini də qarşısında görə bilər”.


C.Abbaslı Pakistanın mövqeyinə də toxunaraq bildirib ki, İslamabad rəsmi şəkildə bunu nümayiş etdirməsə də, münaqişədə İranın üstün mövqedə olmasını istəyən tərəflərdən biridir:


“Danışıqların Pakistanın paytaxtında keçirilməsi ölkə üçün diplomatik uğur sayılsa da, Pakistan atəşkəsin İranın məğlubiyyəti ilə nəticələnməsini istəmir”.


“ABŞ və Çin arasında rəqabət uzun illərdir davam edir. Bu, yalnız İran məsələsi ilə bağlı deyil. Hər iki dövlət iqtisadi sahədə qlobal liderlik uğrunda mübarizə aparır. Çinin iqtisadi gücünün sürətlə artması Vaşinqtonun narahatlığını daha da artırır. Buna görə də tərəflər arasında iqtisadi qarşıdurma artıq çoxdan başlayıb və yaxın perspektivdə də davam edəcək”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR