Trampın iki kritik görüşünün pərdəarxası: ABŞ-nin niyyəti nədir?

Trampın iki kritik görüşünün pərdəarxası: ABŞ-nin niyyəti nədir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın eyni gündə İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlər beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.

Hər iki görüşün "çox yaxşı" və "məhsuldar" keçdiyi bildirilib. Müşahidəçilər hesab edirlər ki, bu təmaslar Vaşinqtonun həm Yaxın Şərq, həm də Ukrayna istiqamətində atacağı növbəti addımlarla bağlı mühüm mesajlar verir.

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Donald Trampın eyni gündə həm Benyamin Netanyahu, həm də Volodimir Zelenski ilə görüş keçirməsi ABŞ-nin hazırda iki əsas geosiyasi istiqaməti - Yaxın Şərq və Ukraynanı paralel şəkildə prioritet hesab etdiyini göstərir.

Onun sözlərinə görə, bu yanaşma Vaşinqtonun regional böhranlara ayrı-ayrılıqda deyil, vahid strateji çərçivədə baxdığını nümayiş etdirir:

"Görüşlərin "məhsuldar" kimi qiymətləndirilməsi Tramp administrasiyasının müttəfiqlərlə koordinasiyanı gücləndirməyə, təhlükəsizlik və diplomatik təşəbbüsləri uzlaşdırmağa çalışdığını göstərir".

Politoloq qeyd edib ki, bu təmaslar yaxın vaxtlarda yeni siyasi və ya hərbi qərarların mütləq qəbul ediləcəyini deməyə əsas verməsə də, belə addımlar üçün hazırlıq mərhələsinin getdiyinə işarə edən mühüm siyasi siqnaldır.

"Yaxın Şərqdə İran, Qəzza və regional təhlükəsizlik məsələləri, Ukrayna istiqamətində isə hərbi dəstək, sülh danışıqları və Rusiyaya təzyiq mexanizmləri əsas müzakirə mövzuları olaraq qalır. Bu baxımdan, sözügedən görüşlər ABŞ-nin qlobal liderlik rolunu möhkəmləndirmək və müttəfiqlərinə strateji öhdəliklərini bir daha təsdiqləmək məqsədi daşıyan koordinasiya diplomatiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər", – Z.Qarayeva vurğulayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR