Tramp Netanyahu və Zelenski ilə görüşdən razı qalıb

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərin uğurlu olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsində Netanyahu ilə görüşünü "çox yaxşı görüş" adlandırıb.
“Bu, çox yaxşı görüş idi. Aydındır ki, çoxlu vacib məsələlər müzakirə olundu”, – o qeyd edib.
ABŞ lideri Zelenski ilə keçirdiyi görüş barədə də müsbət fikirlər səsləndirib.
“Bu görüş də çox yaxşı keçdi. Bir çox məsələlər müzakirə olundu”, – Tramp yazıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə görüşü Trampla keçirdiyi “ən yaxşı söhbətlərdən biri” kimi qiymətləndirib.
Onun sözlərinə görə, görüş zamanı İsrailin təhlükəsizliyi və gələcəyi üçün mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tərəflərin addımları əlaqələndirilib.
"The Times of Israel" nəşrinin məlumatına görə, görüşdə əsas diqqət İrana yönəlib.
İsrail Baş nazirinin Ofisinin ictimai diplomatiya rəhbəri Tsipi Hotoveli isə bildirib ki, İranın nüvə obyektinin yerləşdiyi ehtimal olunan Pikaks dağı məsələsi görüşdə müzakirə edilməyib.
Onun sözlərinə görə, Netanyahunun məqsədi Trampı hər hansı addıma sövq etmək deyil, iki ölkə arasında koordinasiyanı daha da gücləndirmək olub.
Hotoveli əlavə edib ki, Tramp görüş zamanı İsrailə Qəzzanın bərpası, həmçinin İsrail ordusunun Suriya və Livandan çıxarılması ilə bağlı heç bir təzyiq göstərməyib. Tərəflər, həmçinin Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulması ehtimalını da müzakirə ediblər.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt də Trampın Netanyahu və Zelenski ilə görüşlərinin müsbət və məhsuldar keçdiyini açıqlamışdı.
Firuzə Əliyeva






