Tramp və Zelenski Ağ Evdə görüşdü

Tramp və Zelenski Ağ Evdə görüşdü
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüş zamanı Patriot raketlərinin istehsalına dair lisenziyalar, eləcə də Rusiya ilə diplomatik prosesin yenidən bərpası məsələləri müzakirə olunub.

Sfera.az xəbər verir ki, Vaşinqtonda keçirilən kritik görüş Ukrayna liderinin ABŞ səfəri çərçivəsində baş tutub. Zelenski ABŞ-a senator Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək üçün gəlib və bu səfər zamanı Tramp tərəfindən Ağ Evdə qəbul edilib.

İki lider arasında Oval kabinetdə keçirilən görüş mətbuata qapalı olub.

Görüşdən sonra Vladimir Zelenski sosial media hesabında açıqlama yayıb. O bildirib ki, ABŞ Prezidenti Donald Trampla Ukrayna xalqının təhlükəsizliyinin təmin edilməsi və sülh prosesinin irəliləməsi istiqamətində müzakirələr aparılıb.

Zelenski, həmçinin Lindsi Qrehemin vəfatı ilə bağlı Trampa başsağlığı verdiyini qeyd edib və onu Ukraynanın əsl dostu adlandırıb.

Daha sonra Ukrayna Prezidenti bildirib ki, görüş zamanı Patriot raketlərinin istehsalına dair lisenziyalar və digər mühüm təkliflər müzakirə olunub.

O, Rusiya ilə diplomatik danışıqlar prosesinin yenidən canlandırılmasının vacib olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, növbəti təmasların detalları tərəflərin nümayəndələri tərəfindən müəyyənləşdiriləcək.

Ukrayna mətbuatı görüşdən əvvəl iki liderin Rusiya tərəfinə təqdim ediləcək mümkün hava atəşkəsi təklifini də müzakirə edəcəyini yazıb.

Donald Tramp Zelenski ilə görüşdən sonra Ağ Evdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüş keçirib.

Hər iki liderin daha sonra Vaşinqton Milli Katedralında Lindsi Qrehem üçün təşkil olunacaq dəfn mərasimində iştirak edəcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR