Netanyahu Trampa hansı gizli məlumatı çatdıracaq? - ŞƏRH

Netanyahu Trampa hansı gizli məlumatı çatdıracaq? - ŞƏRH
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək. ə

Bildirilib ki, Netanyahu ABŞ liderinə, həmçinin İranın Nətənz nüvə obyektinin yaxınlığındakı Kolanq-Qaz-La dağı ilə bağlı İsrail kəşfiyyatının əldə etdiyi məlumatları çatdırmağı planlaşdırır. Məlumata görə, İsrail tərəfi İranın nüvə və raket proqramları ilə bağlı əldə olunan digər məlumatları da ABŞ rəhbərliyi ilə bölüşmək niyyətindədir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha əvvəl Trampın İranın yeni nüvə obyekti ilə bağlı açıqlamalarını əsassız adlandırıb və Kolanq-Qaz-La dağı ilə bağlı iddiaları rədd edib.

Netanyahu Trampa hansı kəşfiyyat məlumatlarını təqdim edəcək? Bundan sonra ABŞ-İran münaqişəsi yeni mərhələyə keçəcək?

Məsələ ilə bağlı siyasi şərhçi Elnur Ənvəroğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, Netanyahu Vaşinqtona sadəcə yeni kəşfiyyat materialları aparmaq əvəzinə daha böyük məqsədlə gedir:

“Məncə o, Trampın İranla bağlı növbəti qərarını formalaşdırmağa çalışır. Amma burada vacib məqam budur ki, İsrailin təqdim edəcəyi məlumatların dəqiq məzmunu tam açıqlanmayıb. Netanyahu və komandası Trampa İranın nüvə proqramının bərpası və hərbi imkanlarının yenidən qurulması ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırır. İsrail tərəfinin iddiasına görə, Tehranın nüvə və raket proqramlarında müharibədən sonra bərpa işləri sürətlənə bilər və yeni ali rəhbər Müctəba Xamenei dövründə İranın nüvə silahına yaxınlaşmaq istiqamətində addımlar ata biləcəyi ehtimalı var. Lakin bu iddiaların konkret sübutları və kəşfiyyat materiallarının detalları ictimaiyyətə açıqlanmayıb”.

Politoloq Netanyahunun Trampa, əsasən, 5 istiqamətdə məlumat təqdim edəcəyini bildirib:

“Bunlardan biri İranın nüvə obyektlərinin bərpasıdır. Daha ətraflı desək, zədələnmiş obyektlərin hansı sürətlə yenidən qurulduğu, hansı avadanlıqların qorunduğu və fəaliyyətin yeraltı və ya gizli infrastruktura keçirilib-keçirilmədiyidir. İkincisi zənginləşdirilmiş uranın taleyidir. Hansı ki, İsrail üçün ən mühüm məsələdir və İranın əvvəlki nüvə materiallarının nə qədərinin qorunduğu, harada saxlanıldığı və onun gələcəkdə yenidən istifadəyə verilib-verilməyəcəyidir. Üçüncü sentrifuqaların (buna nüvə sahəsində mərkəzdənqaçma sistemi deyilir) və zənginləşdirmə imkanlarının bərpası məsələsidir. İranın əvvəlki texniki imkanlarını nə qədər tez yenidən əldə edə biləcəyi daha çox burada əhəmiyyət daşıyır. Dördüncü isə ballistik raket proqramıdır ki, bu da İranın raket istehsalının, buraxılış infrastrukturunun və uzunmənzilli raket imkanlarının bərpa səviyyəsini əhatə edir. Və nəhayət beşinci nüvə və raket proqramlarının inteqrasiyası məsələsini əhatə edir.

Hətta mən deyərdim İsrailin ən ciddi arqumenti məhz bu ola bilər. Çünki ABŞ və İsrailə görə İranın nüvə potensialı ilə raket imkanlarının birlikdə inkişaf etdirilməsi gələcəkdə daha böyük strateji təhlükə yaradır. Bəzi İsrail mənbələri İranın nüvə və raket proqramlarına dair daha geniş kəşfiyyat materiallarından bəhs edir. Lakin əvvəldə dediyim kimi konkret hansı məlumatların Trampa təqdim ediləcəyi hələ təsdiqlənməyib. Fikrimcə, məsələnin ən kritik tərəfi budur ki, Netanyahu Trampı İran məsələsində yenidən hərbi xəttə qaytarmağa çalışır. Lakin bu dəfə vəziyyət əvvəlkindən fərqlidir. Tramp administrasiyası artıq İran müharibəsinin iqtisadi, hərbi və siyasi xərcləri ilə üz-üzədir. ABŞ-nin raket ehtiyatları ilə bağlı narahatlıqların artması da Vaşinqtonun uzunmüddətli müharibəyə münasibətini çətinləşdirir. Eyni zamanda, Trampın özü diplomatik variantlara müəyyən zaman tanımağa meylli görünür. Bu səbəbdən Netanyahu üçün əsas problem Trampa İranın təhlükəli olduğunu sübut etmək deyil. Tramp onsuz da İranın təhlükəli olduğunu düşünür. Netanyahu üçün daha çətin məsələ Trampı hərbi təzyiqin diplomatiyadan daha effektiv olduğuna inandırmaqdır. Çünki əvvəlki dövrlə müqayisədə Trampı yola gətirmək daha mürəkkəbdir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR