Xameneinin şərti bölgədə sülh gətirəcək, yoxsa gərginliyi artıracaq? – Politoloqdan AÇIQLAMA

Xameneinin şərti bölgədə sülh gətirəcək, yoxsa gərginliyi artıracaq? – Politoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın ali dini lideri Müctəba Xamenei ABŞ ilə müharibənin dayandırılması üçün əsas şərtin Livanın ərazi bütövlüyünün qorunması və İsrailin hücumlarının tam, qeyd-şərtsiz dayandırılması olduğunu bəyan edib.

Bəs bu açıqlama bölgədəki gərginliyin azalmasına səbəb ola bilərmi, yoxsa yeni siyasi qarşıdurmaların anonsudur?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Müctəba Xameneinin ABŞ ilə mümkün qarşıdurmanın dayandırılması üçün irəli sürdüyü şərtlər, yəni, Livanın ərazi bütövlüyünün qorunması və İsrailin hücumlarının tam, qeyd-şərtsiz dayandırılması mühüm siyasi mesaj olsa da, onun regionda real sabitləşdirici təsir yaradıb-yaratmayacağı sual altındadır.

Onun sözlərinə görə, Tehran tərəfindən səsləndirilən bu tələblər yalnız təhlükəsizlik məsələsi ilə bağlı deyil:

"Bu, eyni zamanda İranın regional təsir siyasətinin mühüm elementlərindən biridir. İlk baxışdan İran rəhbərliyinin Livanın suverenliyinin qorunmasını tələb etməsi beynəlxalq hüququn əsas prinsipləri ilə uyğun görünür. Hər bir dövlətin ərazi bütövlüyünün qorunması regional sabitlik üçün vacib şərtdir. Lakin məsələnin mürəkkəb tərəfi ondan ibarətdir ki, Livandakı təhlükəsizlik problemi yalnız İsrail əməliyyatları ilə izah edilə bilməz. Ölkədə dövlət institutlarının zəifliyi, silahlı qeyri-dövlət aktorlarının mövcudluğu və xarici qüvvələrin təsiri Livanın daxili sabitliyinə ciddi təsir göstərən amillərdir".

Politoloq qeyd edib ki, Tehranın bəyanatında əsas diqqət İsrailin addımlarına yönəldilsə də, İranın bölgədəki müttəfiqləri vasitəsilə təsir imkanlarını qorumaq istəyi də açıq şəkildə görünür:

"Livandakı Hizbullah İranın Yaxın Şərq siyasətində əsas dayaqlardan biridir. Buna görə də Tehran üçün Livanın təhlükəsizliyi məsələsi yalnız bu ölkənin suverenliyi ilə bağlı deyil, həm də İranın regional strategiyasının qorunması ilə əlaqəlidir. ABŞ ilə münasibətlər kontekstində isə bu açıqlama daha geniş siyasi mübarizənin bir hissəsi kimi görünür. Tehran Vaşinqtonun İsrailə verdiyi siyasi və hərbi dəstəyi əsas tənqid hədəflərindən biri hesab edir. Buna görə də İranın irəli sürdüyü şərtlər əslində ABŞ-yə qarşı təzyiq vasitəsi kimi də istifadə olunur. İran rəhbərliyi göstərməyə çalışır ki, regionda gərginliyin əsas səbəbi onun fikrincə, İsrailin hərbi əməliyyatları və ABŞ-nin bu siyasətə dəstəyidir. Lakin bu yanaşmanın qarşı tərəfdə necə qəbul olunacağı da vacibdir. Vaşinqton üçün əsas məsələ yalnız İsrailin əməliyyatlarının dayandırılması deyil, həm də bölgədə silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılması və uzunmüddətli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Bu baxımdan tərəflərin mövqeləri arasında ciddi fərq qalır".

R.Bayramov nəzərə çatdırıb ki, bəyanat tamamilə diplomatik imkanların bağlandığı anlamına da gəlmir:

"İranın yüksək səviyyədə müharibənin dayandırılması üçün şərtlər irəli sürməsi müəyyən mənada danışıqlar üçün siyasi çərçivə yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Ancaq hazırkı şəraitdə bu açıqlamanın daha çox qarşılıqlı ittihamları artıran siyasi mesaj xarakteri daşıdığı görünür. Çünki İran öz təhlükəsizlik prioritetlərini müdafiə edir, ABŞ və İsrail isə regionda İranın təsir dairəsini məhdudlaşdırmağa çalışır. Bu iki yanaşma arasında ortaq məxrəc tapılmadığı müddətdə gərginliyin tam aradan qalxması çətin olacaq. Ümumilikdə isə bu bəyanata İranın danışıqlarda mövqeyini gücləndirmək və regional proseslərdə öz rolunu qorumaq cəhdi kimi baxmaq daha düzgün olar. İran bununla Livandan daha çox konkret Hizbullahı qorumağa cəhd edir deyə bilərik. Düşünürəm ki, tərəflərin qarşılıqlı güzəştlərə hazır olacağı halda, bu cür mesajlar diplomatik prosesə çevrilə bilər. Əks halda isə, sərt şərtlər və qarşılıqlı ittihamlar regionda yeni qarşıdurmaların zəminini daha da möhkəmləndirəcək".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR