İranın media savaşı: AzTV qərarının arxasında nə dayanır?

İranın media savaşı: AzTV qərarının arxasında nə dayanır?
Kateqoriya məlum deyil
T

Tarix göstərir ki, dövlətlər güclü olduqları vaxt tənqidə dözümlü, zəiflədikləri dövrlərdə isə informasiyaya qarşı bir qədər həssas olurlar.

Napoleon Bonapartın bu xüsusda məşhur fikri var: "Dörd düşmən qəzet min süngüdən təhlükəlidir". Bu ifadə iki əsr əvvəl səslənsə də, bu gün də aktuallığını qoruyur. Çünki müasir dünyada müharibələr təkcə səngərlərdə deyil, informasiya məkanında da aparılır.

İranın Azərbaycan Dövlət Televiziyasını (AzTV) "düşmən media" siyahısına salması və həmin media ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi məhz bu reallığın növbəti nümunəsidir. Maraqlıdır ki, Tehran bu addımı hərbi və ya siyasi deyil, media müstəvisində atır. Bu isə göstərir ki, İran üçün informasiya artıq təhlükəsizlik məsələsinə çevrilib.

Amma və lakin söhbət hansı təhlükədən gedir?

Əslində son illər İranın Azərbaycana münasibətində sərtləşən xətt təsadüfi deyil. İki ölkə arasında münasibətlər zaman-zaman gərginlik yaşasa da, son dövrlərdə bu proses daha sistemli xarakter alıb. Sərhəddə hərbi təlimlər, Azərbaycana qarşı ittihamlar, dini və ideoloji ritorika, müxtəlif platformalarda aparılan təbliğat kampaniyaları və media ilə bağlı məhdudiyyətlər eyni zəncirin halqaları təsiri bağışlayır.

Tehranın əsas narahatlığı Azərbaycanın hərbi və ya iqtisadi gücü deyil. Əsas narahatlıq Azərbaycanın regionda müstəqil siyasət yürütməsi, türk dünyası ilə inteqrasiyanı gücləndirməsi və beynəlxalq nüfuzunun artmasıdır. Bu fonda Azərbaycan mediasının hadisələri fərqli prizmadan təqdim etməsi İranın rəsmi "mövqeyinə" uyğun gəlmir.

Malı mala qatmaq...

Burada diqqət çəkən başqa bir məqam da var. İran "düşmən media" anlayışını hüquqi yox, siyasi kateqoriyaya çevirir. Hansısa media qurumunun fəaliyyəti ilə razılaşmamaq başqa məsələdir, onu kriminal müstəviyə keçirmək isə tamamilə başqa. Bu yanaşma söz və məlumat azadlığından çox, informasiya üzərində nəzarət istəyini nümayiş etdirir. Azərbaycanın cavabı isə emosional deyil, hüquqi müstəvidə verilib. MEDİA "Media haqqında" Qanunun qarşılıqlılıq prinsipinə istinad edərək İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin Azərbaycandakı fəaliyyətini qanunsuz elan edib. Bu, diplomatik dildə "eyni qaydalar hər kəs üçün keçərlidir" mesajıdır.

Bununla belə, məsələni yalnız media qalmaqalı kimi qiymətləndirmək doğru olmaz. Bu qərar iki ölkə arasında münasibətlərin hansı mərhələyə çatdığını göstərən siyasi göstəricidir. Media burada səbəb deyil, nəticədir. Əsl səbəb tərəflər arasında formalaşmış etimadsızlıqdır.

Uinston Çörçill deyirdi: "Həqiqət o qədər qiymətlidir ki, onu həmişə yalanların mühafizəçiləri qoruyur"

İranın son qərarı regionda yeni informasiya qarşıdurmasının başlanğıcı kimi də qiymətləndirilə bilər. Əgər tərəflər media məkanını siyasi təzyiq alətinə çevirərlərsə, bundan nə jurnalistika qazanacaq, nə də dövlətlərarası münasibətlər.

XXI əsrdə informasiya sərhədləri əvvəlki dövrlərdəki kimi deyil. Keçmişdə bir dövlət xarici mətbuatı ölkəsinə buraxmaya bilərdi. Bu gün isə internet, sosial şəbəkələr və rəqəmsal platformalar informasiya axınını tam nəzarətdə saxlamağı demək olar ki, mümkünsüz edib.

Məhz buna görə müasir dünyada əsas mübarizə xəbərin qarşısını almaq uğrunda deyil, xəbərin inandırıcılığı uğrunda gedir. Kim daha doğru, daha operativ və daha etibarlı məlumat təqdim edirsə, informasiya savaşında üstünlük də onun tərəfində olur.

İnformasiyaya qadağalar artdıqca, cəmiyyətlərdə suallar da çoxalır. Çünki informasiya üzərində divar tikmək mümkündür, amma həqiqətin qarşısına sədd çəkmək uzunmüddətli strategiya, həll variantı deyil.

Ümumiyyətlə, İran nəyi həll etməyə çalışır?

İran hakimiyyəti hesab edir ki, müəyyən media platformalarının fəaliyyəti ölkənin təhlükəsizlik və siyasi maraqlarına zərər vura bilər. Lakin belə addımların nəticəsi həmişə gözlənilən olmur. Əksinə, media üzərində tətbiq edilən məhdudiyyətlər bəzən həmin mövzulara daha böyük diqqət yaradır və cəmiyyətdə əlavə suallar doğurur.

Əsas məsələ isə budur: informasiya ilə mübarizə aparmaq, yoxsa informasiyanın yaratdığı suallara cavab vermək? Tarixi təcrübə göstərir ki, ikinci yol daha dayanıqlıdır. Çünki ictimai rəy qadağalarla deyil, inamla formalaşır.

İranın Azərbaycan mediasına qarşı sərt mövqeyi də bu baxımdan daha geniş siyasi mənzərənin bir hissəsi kimi görünür. Tehran yalnız bir televiziya kanalını deyil, regionda formalaşan yeni informasiya reallığını hədəf alır. Ancaq informasiya dövründə əsas üstünlük xəbərləri gizlədənlərin deyil, həqiqətlə rəqabət aparmağı bacaranların tərəfində olur.

Sonda bir həqiqət dəyişməz qalır: güclü dövlətlər tənqidlə mübarizə aparmırlar, arqumentlə cavab verirlər. İnformasiyadan qorxmaq, əslində, həqiqətin yayılmasından qorxmaqdır.

Bu baxımdan İranın AzTV ilə bağlı qərarı yalnız bir media qurumuna münasibət deyil, daha geniş siyasi reallığın göstəricisidir. İnformasiya əsrində üstünlük xəbəri gizlədənlərin deyil, həqiqətlə rəqabət aparmağı bacaranların tərəfindədir.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR