Vaşinqtonun strateji zəifləməsi dünyanı yeni xaosa sürükləyir?

Vaşinqtonun strateji zəifləməsi dünyanı yeni xaosa sürükləyir?
Kateqoriya məlum deyil
T

ABŞ-nin imzaladığı beynəlxalq razılaşmaların praktikada icra olunmaması Yaxın Şərqdən Ukraynaya qədər uzanan münaqişələrin daha da dərinləşdiyini göstərir.

Sfera.az xəbər verir ki, analitiklər Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan bir sıra beynəlxalq razılaşmaların icra edilməməsinin təkcə regional sabitliyə deyil, həm də ABŞ diplomatiyasının etibarlılığına və mövcud beynəlxalq nizamın gələcəyinə təsir göstərdiyini bildirirlər.

Qeyd olunur ki, hazırkı dövrün əsas xüsusiyyəti yeni müharibələrin başlanması deyil, mövcud münaqişələrin siyasi və diplomatik yollarla sona çatdırılmasının getdikcə çətinləşməsidir. İran–İsrail qarşıdurması, Livandakı gərginlik, Qəzza zolağındakı vəziyyət, Suriyada dəyişən geosiyasi reallıq və Ukrayna müharibəsi eyni strateji böhranın müxtəlif istiqamətləri kimi qiymətləndirilir.

Məqalədə vurğulanır ki, son aylarda əldə edilən bir sıra razılaşmalar gözlənilən nəticəni verməyib. Xüsusilə İsrail–Livan və ABŞ–İran arasında əldə olunan razılaşmaların tərəflər tərəfindən fərqli şəkildə şərh edilməsi onların effektiv icrasına mane olub.

Analizdə bildirilir ki, ABŞ Prezidenti Donald Trampın bəzi razılaşmaların şərtlərinə sonradan fərqli yanaşması Vaşinqtonun beynəlxalq etibarlılığı ilə bağlı suallar yaradıb. Müəllifin fikrincə, diplomatik öhdəliklərin tam yerinə yetirilməməsi bölgələrdə hərbi gərginliyin yenidən artması riskini gücləndirir.

Bununla yanaşı, müasir müharibələrdə yalnız hərbi üstünlüyün qələbə üçün kifayət etmədiyi qeyd olunur. Bildirilir ki, münaqişələrin gedişatına istehsal gücü, sursat ehtiyatları, logistika imkanları və müdafiə sənayesinin davamlı fəaliyyəti daha çox təsir göstərir.

Məqalədə Vaşinqtonun əsas problemlərindən birinin xarici siyasətdə uzunmüddətli strategiyanın zəifləməsi və ardıcıl qərarvermə mexanizminin sarsılması olduğu vurğulanır. Bu vəziyyət həm ABŞ-nin müttəfiqlərinin etimadına təsir edir, həm də rəqib dövlətlərin Vaşinqtonun öhdəliklərinə daha ehtiyatla yanaşmasına səbəb olur.

Sonda qeyd edilir ki, dünya getdikcə qısa müddətli hərbi əməliyyatlardan nəticəsi uzun illər qeyri-müəyyən qalan münaqişələr dövrünə daxil olur. Məqalə müəllifinin fikrincə, hazırda əsas sual artıq “Kim qalib gələcək?” deyil, “Bu müharibələri dayandıracaq siyasi iradə və effektiv diplomatik imkanlar hələ də mövcuddurmu?” olaraq qalır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR