İran niyə ABŞ-nin atəşkəs təklifini rədd etdi? - ŞƏRH

İran ABŞ-nin atəşkəsə dair yeni təklifindən imtina edib. İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etmədən yalnız müvəqqəti razılaşma əldə olunmasında maraqlı deyil.
Xatırladaq ki, ötən həftənin sonlarında İraqın Baş naziri ABŞ-yə rəsmi səfər edərək, ABŞ Prezidenti Donald Trampla görüşüb. 23 iyul, cümə axşamı isə Əli əz-Zeydi İran dövlət başçısı Məsud Pezeşkianın xüsusi dəvəti ilə Tehrana gedib.
İran niyə ABŞ-nin atəşkəs təklifini rədd edir? Tehranın cavabı bölgədə gərginliyi artıracaqmı?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, hazırda Yaxın Şərqdəki müharibənin əsas ağırlıq mərkəzi məhz Hörmüz boğazının üzərinə düşür:

“Əvvəlcə İran Hörmüz boğazına tam şəkildə nəzarət etmək niyyətində idi və bu istiqamətdə müəyyən addımlar atmağa çalışırdı. Lakin sonradan Amerika Birləşmiş Ştatları da Hörmüz boğazında paralel blokada sədləri yaratdı. Nəticədə Hörmüz boğazı ikitərəfli şəkildə bağlanmış oldu. İndi isə Amerika Birləşmiş Ştatlarının İrana qarşı son hərbi zərbələrindən sonra İranın Hörmüz boğazındakı fəaliyyəti ciddi şəkildə məhdudlaşmış kimi görünür. Yəni artıq İran boğaz üzərində nəzarət imkanlarını itirməyə başlayıb. Təbii ki, rəsmi Tehran bununla razılaşmaq istəmir. Çünki burada əsas məsələ ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Hörmüz boğazını tam şəkildə öz nəzarəti altında saxlamaq niyyətindədir. Bu isə İran üçün olduqca böyük təhlükə yaradır. Çünki əgər mövcud vəziyyət dəyişməzsə və Amerika Birləşmiş Ştatları Hörmüz boğazı üzərindəki nəzarətini daha da möhkəmləndirərsə, o zaman İranın iqtisadi və ticarət fəaliyyəti demək olar ki, tamamilə Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşəcək”.
Ekspert hazırkı vəziyyətdə Amerika Birləşmiş Ştatlarının İranın xarici ölkələrlə ticarət əlaqələrini davam etdirməsinə əngəl törətməyə çalışdığını qeyd edib:
“Xüsusilə də İrandan enerji resurslarının ixracı məsələsi xeyli çətinləşmiş kimi görünür. Rəsmi Tehran da bunun İran üçün nə qədər böyük təhlükə yaratdığını anlayır. Məhz buna görə də Amerika Birləşmiş Ştatlarının atəşkəslə bağlı təkliflərinə mənfi yanaşır. Rəsmi Tehran hesab edir ki, əgər atəşkəs olacaqsa, ilk növbədə Hörmüz boğazında Amerika Birləşmiş Ştatlarının yaratdığı yeni blokada səddi aradan qaldırılmalıdır. İran xarici ticarət imkanlarını yenidən bərpa etməlidir. Görünən odur ki, Amerika Birləşmiş Ştatlarının isə İranın bu istəyini reallaşdırmaq niyyəti yoxdur.
Məhz buna görə də iki tərəf arasında ciddi qarşıdurma davam edir. Rəsmi Tehran anlayır ki, nə qədər ki, Hörmüz boğazı Amerika Birləşmiş Ştatlarının nəzarətində qalacaq, atəşkəs İrana heç bir fayda verməyəcək. Çünki iqtisadi və ticarət əlaqələri bərpa olunmadan, enerji ixracı yenidən həyata keçirilmədən İranın maliyyə mənbələri əldə etməsi çətinləşə bilər. Bu isə ölkədə həm maliyyə, həm də sosial-iqtisadi böhranın daha da dərinləşməsinə səbəb ola bilər. Təbii ki, rəsmi Tehran da bunu istəmir. Ona görə də nəyin bahasına olursa-olsun, Hörmüz boğazına nəzarəti geri qaytarmağa çalışır. Hələlik buna nail ola bilmədiyi üçün də Amerika Birləşmiş Ştatları ilə atəşkəsi yenidən bərpa etməkdən imtina edir. Buna görə də hesab etmək olar ki, yaxın vaxtlarda iki tərəf arasında atəşkəsin yenidən təmin olunması o qədər də inandırıcı görünmür”.
Bəsti Rəfizadə
Sfera.az





