Tramp-Zelenski görüşü necə sonlanacaq? - AÇIQLAMA

Tramp-Zelenski görüşü necə sonlanacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gələn həftə Vaşinqtonda keçiriləcək görüş Rusiya-Ukrayna müharibəsinin gələcək gedişi baxımından diqqətlə izlənilir.

Tərəflərin müharibənin hazırkı vəziyyəti, ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi, təhlükəsizlik məsələləri və mümkün sülh danışıqları ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. Görüşün həm Vaşinqton-Kiyev münasibətlərinin gələcək istiqamətinin müəyyənləşdirilməsi, həm də regiondakı proseslərə təsiri baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Görüşdən hansı əsas nəticələr gözlənilir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, gələn həftə baş tutacağı bildirilən Tramp–Zelenski görüşü Rusiya-Ukrayna müharibəsinin gələcək diplomatik trayektoriyası baxımından mühüm əhəmiyyət daşıyır. Çox güman ki, görüşün əsas gündəmi yenə də hərbi dəstəyin davamı, sülh danışıqlarının perspektivləri və Vaşinqtonun Ukrayna siyasətinin növbəti mərhələsi ilə bağlı olacaq.


Onun sözlərinə görə, əsas gözləntilərdən biri ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyinin konkret parametrlərinin müzakirəsidir: “Zelenski üçün prioritet məsələ hava hücumundan müdafiə sistemlərinin, sursat və digər hərbi resursların fasiləsiz təmin edilməsidir.

Bununla yanaşı, Kiyev ABŞ administrasiyasından uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı daha aydın mövqe gözləyir. Tramp administrasiyası isə dəstəyi davam etdirməklə yanaşı, onun müəyyən siyasi və diplomatik şərtlərlə əlaqələndirilməsi xəttini ön plana çıxara bilər.


İkinci mühüm istiqamət sülh danışıqlarıdır. Tramp dəfələrlə müharibənin uzanmasının həm ABŞ, həm də Avropa üçün əlavə siyasi və iqtisadi yük yaratdığını vurğulayıb. Bu baxımdan, görüş zamanı Ukraynanın mümkün danışıq çərçivəsinə münasibəti, atəşkəs mexanizmləri və ABŞ-nin vasitəçilik təşəbbüsləri geniş müzakirə oluna bilər. Bununla belə, tərəflər arasında ərazi məsələləri və təhlükəsizlik təminatları kimi fundamental mövzularda fərqli yanaşmalar qalmaqda davam edir ki, bu da qısa müddətdə hərtərəfli razılaşma əldə olunmasını çətinləşdirir”.

Politoloq qeyd edib ki, görüşdən müsbət nəticə gözlənilmir:


“Son dövrdə Tramp və Zelenski arasında təmasların intensivləşməsi Vaşinqtonun Kiyevlə birbaşa dialoqu davam etdirmək niyyətində olduğunu göstərir. Bu, həm Ukrayna cəmiyyətinə, həm də Avropa müttəfiqlərinə ABŞ-nin prosesdən kənarda qalmadığı barədə siyasi mesaj verə bilər. Eyni zamanda, Moskva üçün də ABŞ-nin diplomatik təşəbbüsləri davam etdirmək əzmində olduğu nümayiş etdirilmiş olacaq.


Ümumilikdə isə bu görüşdən müharibədə hansısa dəyişiklik yarada biləcək qərarlar gözləməyə dəyməz. Düşünürəm ki, ABŞ-Ukrayna koordinasiyasının gücləndirilməsi, gələcək danışıqlar üçün ümumi çərçivənin müəyyənləşdirilməsi və hərbi dəstəyin perspektivləri barədə siyasi razılaşmalar əldə edilə bilər”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR