Göydəniz Qəhrəmanov: “Azərbaycan Avropa ilə Orta Asiya arasında etibarlı körpü rolunu gücləndirir”

“Prezident İlham Əliyevin iyulun 21-də Berlində mətbuata bəyanatın səsləndirdiyi fikirlər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiq etdi. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında strateji dialoqun başlanması və ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisədir.
Bu addımlar təkcə ikitərəfli əməkdaşlığın genişlənməsinə deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bəyanatda qeyd olunduğu kimi, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi olaraq regionda təsirini artırır və bu reallıq Azərbaycan–Almaniya əlaqələrinin strateji əhəmiyyətini daha da yüksəldir. İkitərəfli gündəliyin geniş olması, əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrini əhatə etməsi əlaqələrin uzunmüddətli perspektivə hesablandığını göstərir.
İmzalanmış sənədlərin icrasını təmin etmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə olunması isə qəbul edilən qərarların praktik nəticələrə yönəldiyini təsdiqləyir.”
Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında belə deyib.
Səfər zamanı iqtisadi əməkdaşlığın inkişafıməsələsinin əsas prioritetlərdən biri kimi diqqət mərkəzində olduğunu vurğulayan deputat bildirib ki, hazırda Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir: “Dövlət başçısının qeyd etdiyi kimi, 200 dən çox Alman şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsi üçün konkret təkliflər irəli sürülüb, qarşılıqlı sərmayələrin artırılması istiqamətində müzakirələr aparılıb.
Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması biznes dairələri arasında əlaqələrin institusional əsasda inkişafına yeni imkanlar açacaq.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı da xüsusi yer tutdu. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması, artıq Avropa İttifaqının on ölkəsinin Azərbaycan qazı ilə təmin olunması ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını bir daha nümayiş etdirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çatdırılması planları əməkdaşlığın daha geniş strateji məzmun qazandığını göstərir. Dövlət başçısı nəqliyyat və tranzit sahəsində əməkdaşlığın perspektivlərinə də toxunaraq Azərbaycanın Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunun getdikcə gücləndiyini vurğuladı. Müasir nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə Almaniya şirkətlərinin təcrübəsindən istifadə imkanları yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq həm regional bağlantıları möhkəmləndirəcək, həm də Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin bəyanatının mühüm hissələrindən biri də Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesinə həsr olundu.
Dövlət başçısı Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin uzun illər davam edən münaqişəyə son qoyduğunu vurğulayaraq, Azərbaycanın sülh razılaşmasından dərhal sonra praktiki addımlar atdığını diqqətə çatdırdı. Ermənistana yanacaq təchizatı, eləcə də Azərbaycan ərazisi vasitəsilə həyata keçirilən tranzit daşımalarının genişlənməsi sülh gündəliyinin real nəticələr verdiyini göstərən mühüm faktlar kimi təqdim olundu. Prezident İlham Əliyev Almaniya hökumətinin bu prosesə verdiyi töhfəni də yüksək qiymətləndirərək, gələcək mərhələdə də Berlinin konstruktiv rol oynayacağına əminliyini ifadə etdi.Bütövlükdə, Berlində keçirilən görüş və imzalanan sənədlər göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri artıq yeni strateji gündəlik əsasında inkişaf edəcək. Bu gündəlik qarşılıqlı siyasi etimadı, iqtisadi tərəfdaşlığı, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sülhü vahid əməkdaşlıq platformasında birləşdirərək hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edən möhkəm təməl formalaşdırır” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb.
