ABŞ İranda rejimi dəyişə bilərdi? - AÇIQLAMA

ABŞ İranda rejimi dəyişə bilərdi? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İsrailin mədəniyyət və idman Naziri Miki Zohar bildirib ki, İran rejiminin yaşamasında səbəbkar ABŞ-dir. O, ABŞ-ni günahlandırıb və Vaşinqtonun Tehranda "hökuməti devirmək" üçün qoşun göndərməməyi seçdiyini iddia edib.

"İsrail İranı xəritədən təkbaşına silmək, onu elektrik enerjisindən, sudan və qidadan məhrum etmək gücünə malik olsa da, ABŞ-nin qərarlarına hörmət etdiyi üçün bu addımı atmır", - deyə nazir açıqlama verib.


Bəs, həqiqətən, ABŞ istəsəydi, İrandakı rejimi dəyişə bilərdimi? Əgər bu, mümkün idisə, niyə etməyib?


Sfera.az-a bu haqda açıqlama verən politoloq Xəqani Cəfərlinin sözlərinə əsasən, Miki Zoharın ABŞ-ni səbəbkar görməsi doğru deyil:


“ABŞ İran dövlətini dağıda bilər. Bunun üçün kifayət qədər gücü var. Ancaq rejimi silahla devirmək demək olar ki, mümkün deyil. Rejim insanların düşüncələrinə bağlıdır. İslam İnqilabından önə də İranda ayətullahların fətvası dövlətin qərarlarından daha keçərli idi. Ayətullah Həsən Şirazinin 1891-ci ildə tütün fətvası Qacar Dövlətinin ən güclü hökmdarı Nəsrəddin şahın ingilis iş adamı Talbot ilə müqaviləsini ləğv etməyə vadar etməsi rejimin hakimiyyət məsləsi olmadığına işıq salan çox önəmli hadisədir. Və yaxud dünyəvi dövlət olan Azərbaycan Respublikasının bəzi vətəndaşlarını həyatlarını Azərbaycan dövlətinin fələsfəsinə görə deyil, İrandakı ayətullahların fətvalarına uyğun qurur. Ona görə də ABŞ-nin İranda rejimi devirmək gücünün olduğunu, ancaq bunu etmədiyinə görə Tramp adminstarsiyanı tənqid edən naziri Miki Zoharın iddialarını doğru hesab etmirəm. İran dövləti bir gün dağılacaq, ancaq ayətullahların kütlə üzərində hakimiyyəti uzun müddət davam edəcək. ABŞ-nin İranı məhv etmək gücü olsa da, bunu etmədiyinin də izahı çox sadədir. ABŞ yeni dünya düzənin çoğrafiyalara nəzarət üzərində deyil, sahələr üzərində nəzarət prinsipində qurmağı hədəfləyir. Bu daha az resurslar, daha az itki hesabına daha çox gəlir imkanı yaradır”.


Məsələ ilə bağlı açıqlama verən politoloq Taleh Əliyev ABŞ-nin müharibəni dayandırmasının səbəblərini açıqlayıb:


“Əgər uzunmüddətli müharibə davam edəcəkdisə, Amerika tərəfindən itkilərin dahah çox olması qaçılmaz deyildi. Eyni zamanda, həm canlı qüvvənin, həm silah-sursatın, həm də maliyyə itkilərinin miqyasının böyüməsi Amerika cəmiyyətində ciddi narazılıq yarada bilərdi. Amma düşünürəm ki, Tramp hakimiyyəti bu variantdan imtina etməklə, əslində İran daxilində xalqla rejim arasındakı uçurumun dərinləşməsi və rejimdaxili ixtilafların daha da qızışması ssenarisini seçdi. Bu proses bu gün bir o qədər də diqqət çəkməsə də, hesab edirəm ki, biz bunun xüsusilə də 14 maddəlik razılaşmadan bir neçə gün öncə İranda Amerika-İran Danışıqlar Qrupuna rəhbərlik edən parlamentin spikeri Qalibafa və Xarici İşlər Naziri Əraqçiyə qarşı ölüm şüarları səsləndirən xalq kütlələrinin etiraz aksiyaları ilə də şahidi olduq.

Çünki 2026-cı ilin yanvar ayından sonra biz İranda xalqın küçələrə çıxaraq rejimə və ya rejimin ayrı-ayrı mənsublarına qarşı etiraz etməsinin və bu etirazların peşəkarlıqla çəkilərək dünya sosial şəbəkə seqmentinə çıxarılmasının şahidi olmamışdıq. Əgər bu gün bu baş verirsə, deməli, bu prosesin arxasında faktiki olaraq İrana nəzarət edən qüvvələrin maraqları var və onlar bu informasiyanın sızdırılmasında maraqlı tərəfdirlər. Ona görə də İsrail nazirinin dediklərində bir yerə qədər həqiqət olsa da, mövcud rejim Amerika Birləşmiş Ştatlarının sayəsində hələ də ayaqda qalır və bu, o demək deyil ki, Amerika Birləşmiş Ştatları hazırkı rejimlə davam etmək və onun siyasi hakimiyyətini uzatmaqda maraqlıdır. Xeyr, əksinə, bu gün ziddiyyətli razılaşmanın mətnindən də görünür ki, Amerika Birləşmiş Ştatları müharibənin başlanmasına gətirib çıxaran tələblərinin yumşaldılmış formada olsa da, başqa adla həyata keçirilməsində maraqlıdır”.


Ekspert İran tərəfinin də İslamabadda baş tutan atəşkəs danışıqlarında irəli sürdüyü öz tələblərini başqa formada reallaşdırmaqda israrlı olduğunu vurulayıb:


“Nəzərə alsaq ki, müharibənin əsas həlledici faktoru olan İsrail bu razılaşmadan məmnun deyil və bu razılaşmanın ilk maddəsi olan Livan və digər bölgələrdə atəşkəsin əldə edilməsi ilə bağlı tələbə heç də isti baxmır, əksinə bunu öz təhlükəsizliyi və milli maraqları üçün təhdid hesab edir. Ona görə də, bu razılaşma növbəti dəfə iflasa uğrayarsa, düşünürəm ki, yenidən elə Amerika Birləşmiş Ştatları ilə İsrailin birgə əvvəlki müharibələrdə olduğu kimi İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları davam etdirməkdən başqa variantı qalmayacaq. Bu zaman İran üçün yeni bir dövr, yeni bir mərhələ başlayacaq. Mövcud rejimin devrilməsi ilə yox, hətta İranın parçalanması ilə yekunlaşacaq bir reallıqla İran üzləşə bilər. Çünki bu, İsrailin müharibə başlanandan ilk hədəfidir və yəqin ki, İsrail dövləti güclü olduğu, İranla bağlı ilkin mövqeyindən geri çəkilmədiyi müddətcə bu ssenari aktuallığını qoruyub saxlayacaq”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ