İrandakı gərginlik Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik regionda təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirib. Mümkün hərbi əməliyyat ehtimalları və qlobal güclərin prosesə cəlb olunması təkcə Yaxın Şərq üçün deyil, daha geniş coğrafiya üçün də risklər yaradır.
Belə bir şəraitdə region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərin olub-olmayacağı məsələsi aktuallaşır.
Bəs görəsən, ABŞ-İsrail-İran qarşıdurması fonunda ölkəmizi hər hansı potensial təhlükə gözləyirmi? Mövcud geosiyasi vəziyyət Azərbaycanın təhlükəsizlik və sabitlik mühitinə necə təsir göstərə bilər?
Siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlamasında bildirib ki, təəssüflər olsun ki, bizim qonşuluğumuzda və sərhədlərimizin yaxınlığında belə bir müharibə ocağı var. Onun sözlərinə görə, getdikcə müharibə lokal müharibədən regional müharibəyə çevrilir:

“Demək olar ki, İran ətrafında, Yaxın Şərqdə bütün ölkələr müharibəyə cəlb olunur. İran artıq on ölkəni, ABŞ bazaları olan ölkələri raket atəşinə tutur. Bu, gözlənilən idi. Bununla bağlı öncədən xəbərdarlıq edilmişdi. Xamenei öldürüldükdən sonra elan etdilər ki, bizim üçün qırmızı xətt yoxdur. Belə bir vəziyyətdə, qonşu olaraq, region dövləti olaraq bizim üçün də təhlükə var. Söhbət Azərbaycana hər hansısa bir roket atılmasından getmir. Çünki Azərbaycanın mövqeyi düzgün mövqedir. Azərbaycan qəti olaraq bildirib ki, heç bir dövlət Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilməz. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi danışdıqda bunu bir daha qeyd etdi. Ölkə rəhbəri çox düzgün olaraq İranın dini liderinin faciəli ölümü ilə bağlı baş sağlığı verdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan müharibə yox, sülh istəyir. Sözsüz ki, müharibənin əleyhinədir”.
Siyasi şərhçi vurğulayıb ki, İranda gedən proseslərin hansı ssenaridə gedəcəyini indidən proqnozlaşdırmaq tez olar:
“Hakimiyyət dəyişiklikliyi olarsa, kimlər hakimiyyətə gələcək və bizim otuz milyon soydaşlarımız prosesdə necə iştirak edəcək kimi suallar aktivləşəcək. İran parçalanarsa bu faciəli ola bilər. Bu müharibə vətəndaş müharibəsinə çevrilə bilər. Çünki, İsrail qəti sürətdə elan etdi ki, biz prosesi hakimiyyət dəyişikliyinə qədər aparacayıq. Sözsüz ki, bu qəbuledilməzdir. Çünki, ölkədə hakimiyyəti ancaq xalq dəyişə bilər. Bu müharibə vətəndaş müharibəsinə çevrilərsə, kütləvi köçkün axını ola bilər. Bu, Azərbaycan üçün çox böyük humanitar, iqtisadi, sosial problemlər yarada bilər. Sərhədlərdə problem yarana bilər. Düzdür, Azərbaycan bütün bu proseslərə əvvəlcədən hazırlanıb. Amma elə məsələlər var ki, onlar anidən baş verərsə, onun qarşısını almaq və ona adekvat cavablar vermək tələb olunur. Bu da çətinlik yaradır. Bu formada biz region dövləti olaraq, İranla qonşu dövlət olaraq bu kimi problemlərlə qarşılaşa bilərik”.
Niyaz Hacıyev
Sfera.az
