ABŞ-İran gərginliyi: Cenevrə danışıqları sülhə yol açacaq?

ABŞ-İran gərginliyi: Cenevrə danışıqları sülhə yol açacaq?
Kateqoriya məlum deyil
T

Cenevrədə keçirilən danışıqlarda İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı müzakirələr davam edir. Tərəflər uzun müddətdir davam edən gərginliyin azaldılması və mümkün razılaşma variantlarını nəzərdən keçirirlər. İran ABŞ-yə uranın zənginləşdirilməsinin məhdud müddətə dondurulmasını təklif edib. Buna görə də xarici media ABŞ nümayəndələrinin görüşdən qismən razı ayrıldığını bildirib.

 

Belə olduqda sual yaranır: ABŞ ilə İran arasında yaranan gərginliyin sülh yolu ilə həllinə ümid yaranıbmı?

 

Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İslam İnqilabından sonra İran və Birləşmiş Ştatlar arasında münasibətlər özünün ən gərgin dövrünü yaşayır.

 

Onun sözlərinə görə, ilk dəfədir ki, Vaşinqton İrana zərbə endirmək məqsədilə regiona bu qədər hərbi qüvvə cəmləşdirib:

 

“Mövcud gərgin hərbi-siyasi dinamika fonunda tərəflər arasında müəyyən danışıqlar da həyata keçirilir, müxtəlif təkliflər irəli sürülür. Təbii ki, danışıqların əsas mövzusu İranın nüvə proqramı və bu proqram fonunda zənginləşdirilmiş uran ehtiyatı ilə bağlıdır. Mövcud danışıqlar çərçivəsində rəsmi Tehranın uranın zənginləşdirilməsini dondurmaq təklifini irəli sürməsi hesab edirəm ki, böyük ölçüdə vaxt qazanmağa hesablanmış addımdır. Çünki fundamental səbəblər aradan qalxmadıqca tərəflər arasında hər hansı bir sakitlik, mülayimləşmə situativ xarakter daşıyır”.

 

Siyasi şərhçi vurğulayıb ki, rəsmi Vaşinqtonun İrandan tələbləri bəllidir:

 

“Rejim nüvə proqramını dayandırmalı, zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməli, ballistik raket proqramını minimallaşdırmalı və Hizbullah, Husilər, HƏMAS kimi qruplaşmalara dəstəyini dayandırmalıdır. Qeyd edilən şərtlər bütün hallarda teokratik rejimi küncə sıxışdıran tələbələrdir. Yəni, rejim bunlarla razılaşarsa, daxildə legitimliyi ciddi sual altına düşə bilər, razılaşmasa da, ABŞ-nin zərbə endirmək ehtimalı qaçınılmazdır. Təbii ki, hadisələrin inkişaf tendensiyası və Birləşmiş Ştatların regiona cəmləşdirdiyi qüvvələr İrana qarşı hava əməliyyatlarının keçirilməsini aktuallaşdırır. Ancaq quru əməliyyatları yerləşdirilən qüvvələrin kəmiyyətinə nəzər saldıqda hələlik kifayət deyil”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR