ABŞ-İran rəsmilərinin görüşü necə sonlanacaq? - AÇIQLAMA

Hazırda Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların 3-cü raundu keçirilir. Uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biri olan nüvə məsələsi ətrafında aparılan müzakirələr yenidən diqqət mərkəzinə düşüb.
Tərəflər rəsmi açıqlamalarında dialoqun davam etdiyini bildirsələr də, mövqelər arasındakı ciddi fərqlər danışıqların taleyi ilə bağlı sualları artırır. Vaşinqton İranın nüvə proqramının məhdudlaşdırılmasını və daha sərt nəzarət mexanizmlərinin tətbiqini tələb edir, Tehran isə proqramın sülh məqsədli olduğunu vurğulayaraq onu dayandırmağın mümkün olmadığını bildirir. Bu ziddiyyət fonunda tərəflərin kompromisə gəlib-gəlməyəcəyi əsas müzakirə mövzusuna çevrilib.
Bəs, Cenevrədə keçirilən bu görüş də nəticəsiz qalacaqmı? Nüvə danışıqları ilə bağlı real irəliləyiş ehtimalı varmı, yoxsa proses yenidən dalana dirənəcək?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, ABŞ və İran arasında keçirilən nüvə danışıqlarında ciddi irəliləyiş və yaxud da pozitiv nəticələr ehtimalı o qədər də yüksək deyil:

“Bunu biruzə verən bir çox önəmli məqamlar mövcuddur. Əsas məqamlardan biri də odur ki, qarşı duran tərəflərin mövqeyində hələlik o qədər də ciddi dəyişikliklər baş verməyib. Yəni ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasında və digər şərtlərində israrlı mövqe tutur və eyni zamanda bildirir ki, əgər İran ABŞ-nin tələblərini və şərtlərini qəbul edib anlaşma əldə etməzsə, o zaman hərbi müdaxilə qaçılmaz olacaq. Eyni zamanda İranın da mövqeyində ciddi geri çəkilmə əlamətləri qətiyyən müşahidə olunmur. Rəsmi Tehran da öz mövqeyində israrlı davranır və hesab edir ki, nüvə proqramlarını davam etdirmək, xüsusilə də sülh məqsədləri üçün yararlanmaq İranın suveren hüquqlarıdır və ABŞ buna qarışmamalıdır”.
Ekspert iki tərəfin də situasiyaya daha realist yanaşmalı olduğunu bildirib:
“Bu iki mövqe bir-birinə kəskin ziddiyyət təşkil edir, ona görə də belə bir şəraitdə anlaşmanın əldə edilmə ehtimalı o qədər inandırıcı görünmür. Bu baxımdan hesab etmək olar ki, qarşı duran tərəflər situasiyaya daha realist yanaşsalar və cərəyan edən prosesləri doğru qiymətləndirsələr, o zaman daha asan şəkildə mövqelərini yaxınlaşdıra bilərlər. Ancaq hələlik hər iki tərəfin davranışlarında buna yönəlik atılan heç bir addım müşahidə edilmir. Ona görə də hesab etmək olar ki, bu danışıqlar hələlik elə bir ciddi nəticə verməyəcək və növbəti mərhələdə belə davam edərsə, o zaman daha radikal addımların atılması baş verə bilər. Eyni zamanda situasiyanın hərbi-siyasi cəhətdən daha da qəlizləşmə ehtimalı ön plana keçə bilər”.
Bəsti Rəfizadə
Sfera.az
