Netanyahunun yeni İttifaqı müsəlmanları hədəf alacaq? - AÇIQLAMA

Netanyahunun yeni İttifaqı müsəlmanları hədəf alacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İsrail Baş naziri Benyamin Netanyahu Yaxın Şərq ətrafında və ya daxilində Asiya, Afrika, Avropa və ərəb ölkələrindən ibarət altılıq tipli ittifaqlar yaratmağı düşündüyünü bildirib.

 

Netanyahu Nazirlər Kabinetinin iclasında qeyd edib ki, bu sistemə Hindistan, ərəb və Afrika ölkələri, Yunanıstan, Cənubi Kipr, eləcə də digər Asiya dövlətləri daxil olacaq.

 

Netanyahu niyə məhz indi altılıq tipli ittifaqlar yaratmaq təşəbbüsü irəli sürür? Bu təşəbbüsə ABŞ necə yanaşacaq?

 

Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Tural İrfan İsrailin Baş naziri Benyamin Netanyahunun məqsədinin müsəlman aləminə qarşı yeni ox yaratmaq olduğunu söyləyib. Onun sözlərinə əsasən, burada əsas hədəf isə Türkiyə və onun başçılıq etdiyi birliklərdir:

 

“Netanyahu həmçinin deyib: "Biz dağılan şiə oxuna və yaranan sünni oxuna qarşı yeni bir ox yaratmaq üçün çalışacağıq. Şiə oxunun sünni oxu ilə əvəzlənməsinə imkan verməyəcəyik". Təbii ki, sünni və şiə məsələsi hər zaman qabardılıb bundan siyasi maraqlar üçün məharətlə istifadə edilir. Qərbin beyin mərkəzləri, əsasən də ABŞ demək olar ki, müsəlmanları sünni-şiə məsələsi ilə idarə edir. Vaxtilə İran rejimini yaradanlar, İraq ətrafında birləşərək Fələstinin azadlığı uğrunda mübarizəyə qalxan sünni ərəb dünyasını bu rejimin əli ilə parçalaya bilmişdilər. İranı, İraqa qarşı müharibəyə sövq edib bir milyon müsəlmanı məhv etmiş, milyardlarla dollar dəyərində silah satmış, ən əsası ilə İraqı və digər ərəb ölkələrini Fələstin uğrunda mücadilədən yayındıra bilmişdilər. İran o dövrdə Suriya lideri, əslən Həmədan farsı olan, Ələvi Hafiz Əsədin də şiə damarından istifadə edərək sünni ərəb birliyindən qopara bilmişdi. Beləcə ərəb ölkələri 8 illik İran-İraq müharibəsində Fələstini bir kənara buraxıb İraqa yardım, dəstək, maliyyə ötürmək məsələsi ilə uğraşmağa məcbur olmuşdular. Hətta İsrailin səbri çatmayıb İraqın İrana qarşı istifadə üçün uran zənginləşdirmək istədiyi obyektləri bombalayıb dağıtmışdı. Həmin dövrdə indi İranın "sisonist" deyib lənətlədiyi İsrail İrana 3 milyarddan artıq dəyərdə təyyarə hissələri, silah və sursat vermişdi. Çünki Səddamı rahat buraxmaq olmazdı. O əsas təhlükə idi İsrail üçün. Yoxsa İraqın ən inkişaf etmiş bir dövründə Fələstin uğrunda ciddi mübarizəyə girişə bilərdi. İki hektar torpağın üstündə indiki İran rejimi çoxu şiə olmaqla 3 milyona yaxın şəxsin ömürlük şikəst olmasına, 1 milyondan çox müsəlmanın bu müharibədə ölümünə səbəb oldu”.

 

T.İrfan əlavə edib ki, digər tərəfdən də İranın əli ilə kürdləri qabağa verib Səddamın hədəfinə gətirdilər:

 

“Sonra da kimyəvi silah verib kürdlərə atmağa təhrik etdilər. Beləcə gələcəkdə Səddamın da sonunu gətirmək üçün qabaqcadan əsaslar hazırladılar. Necə ki, onu məhz həmin ittihamla edam edəcəkdilər gələcəkdə... Beləcə bir "şiə dövləti" qurub sünni aləmini parçaladılar. Etnik sünni olsalar da Səudiyyə Ərəbistanında da həm sünnilərə həm şiələrə qarşı olan sələfi ideolojisi üzərində bir dövlət bərpa etdilər ki, nə digər sünni qonşularla, nə də Yəmən kimi şiə qonşularla ittifaqa girə bilməsin. Təbii ki, sonra da bunları bir-birinə qarşı təhrik edib qarşı-qarşıya qoydular. Hazırda Səudiyyə Ərəbistanı Yəmənlə müharibə şəraitindədir. ABŞ İraqı işğal edəndə vaxtilə İranla savaşmış Səddam Hüseynə qarşı fars rejimindən məharətlə istifadə etdilər. İçəridən xalqın məzhəb damarını basıb nifaq saldılar. Digər tərəfdən də vaxtilə kimyəvi bomba atdırdıqları kürdləri ayaqlandırdılar. İranı həvəsləndirdilər ki, Səddam şiələrə zülm edirdi, onu yıxaq, hakimiyyətə siz gəlin. Beləcə İrandan istifadə edərək İraqı viran qoydular. İş bitəndən sonra ən böyük generalı da daxil olmaqla İranın əsas adamlarını öldürüb, güclü təsir rıçaqlarını ələ keçirdilər. Səddamı da bəraət adı ilə aldadıb məhkəmədə kimyəvi silahı kimlər verdiyini və digər sirləri açmağa imkan tapmamış tələsik edam etdilər. Sonra çox keçməmiş bu və bu kimi sirlərə vaqif olan Qəddafinin də BMT kürsüsündə tənqidlərini görüb onun da sonunu gətirdilər. İran və keçmiş Sovet İttifaqının vasitəsi ilə Yaxın Şərqdə müxtəlif adlarda guya Fələstini azad etmək üçün təşkilatlar qurdular. Həmin təşkilatların hücumunu və təhlükəsini bəhanə edib İsraili nüvə silahına sahib olacaq dərəcədə silahlandırdılar və gücləndirdilər”.

 

Şərhçi həmin xırda təşkilatlara sapandla daş atdırıb əvəzində İsrailin minlərlə Fələstin sakinini öldürməsinə və torpaqlarını işğal etməsinə əsas şərait yaratdıqlarını vurğulayıb:

 

“Əlinə bəhanə verdilər. İranı və proksi qüvvələrinin Yaxın Şərqdə gücləndirib "şiə hilalı"na həvəsləndirdilər. Beləcə ümidvar olan İran və Əsəd Suriyasının dəstəyi ilə İraqı ələ keçirib, Əsədi tərk etdilər. İŞİD yarandı, məlum hadisələr baş verdi. Milyonlarla müsəlman (sünni və şiələr) öldü. Çünki İraq ələ keçmişdi, artıq Əsədə gərək yox idi. İran da son funskiyasını Həması təhrik edərək İsrailə hücum etdirməklə başa vurdu. Belə ki, bu hadisənin nəticəsində on minlərlə adam həlak oldu, Qəzza demək olar ki, İsrailin nəzarətinə keçdi, Həmas sıxışdırılıb. Yəni, İran rejimi İsrailə mümkün olan hər şeyi edib ki, o Yaxın Şərqdə məqsədinə nail olsun. Əsəd devriləndən sonra, plana görə İran Suriyada aktivləşməli, oradakı qüvvələri vasitəsi ilə yeni hakimiyyətə qarşı üsyanlar təşkil etməli idi ki, İsrail bu fürsətdən yararlanıb Suriyanın mümkün olan qədər ərazisini ilhaq etsin. Lakin Türkiyənin müdaxiləsi İranı geri çəkilməyə məcbur etdi və olan pozuldu. İran gizli yollarla İsrail ilə birgə Druzlar, Ələvilər və Nüseyrilərin əli müəyyən uğursuz cəhdlər etsə də yeni Suriya hökumətinə bata bilmədi. Beləcə İranın funskiyası Yaxın Şərqdə bitmiş oldu. İran rejimi devrildikdən sonra İraqda daha radikal şiə dövləti quraraq onu da Suriya, Səudiyyə və Türkiyə ilə düşmən edəcəklər. İndidən Türkiyə əleyhdarı Nuri əl Malikini artıq aktivləşdiriblə”.

 

T.İrfan qeyd edib ki, sünni Əfqanıstan və sünni Pakistanı da mütəmadi olaraq savaşdırırlar ki, birdən yaxınlaşarlar:

 

“Çünki bunu daha təhlükəli hesab edirlər. Hər ikisi eyni məzhəbdəndir. İkisi də İslam dövlətidir. Hətta ola bilsin ABŞ Əfqanıstanı Talibana tərk edəndə müəyyən şərtlər qoyub. Əgər o şərtlər pozulsa Pakistan mütləq sərhəd məsələsinə görə Talibanı vura bilər. Əslində sünni Talibanı da ABŞ dövlətlə təmin edib ki, lazım gələndə işə salıb istədiyi ölkənin üstünə salsın. Bəli, artıq açıq etiraf edirlər ki, sünni və şiələri qırdırırıq. Bu gün ən dəyərsiz şey dünyada müsəlman qanıdır. Yaxın Şərqdə müsəlman qətli kimi adi şey yoxdur. "Parçala hökm sür"-"parçala qır" siyasəti budur. Alətə çevrilmək, oyuna gəlmək budur. İran rejimi əsla məzhəbçilik ideolojini tərk edə bilməzdi. Çünki bu rejim qurulanda ona verilmiş funksiya budur. Danışıqlarda ev sahibliyi etməsini təklif edən Türkiyəyə imtina cavabı verib heç bir vasitəçi olmadan Omanda ABŞ ilə birbaşa görüşə qərar verən İran rejimi nələrin üstünün açılmasından narahatdır? Əslində məlumdur. Bütün bu hadisələr hazırda İsrailin altılıq tipli ittifaqlar yaradaraq istila planlarını məhz həmin ölkələrin vasitəsi ilə gücləndirməyə yol açdı. Şübhəsiz ki, ABŞ və İsrail eyni cəbhədə və çox zaman eyni mövqedən çıxış edir. Bu addım da birgə rəyin nəticəsidir. Hazırda Türkiyə də təcili şəkildə yeni ittifaqlar qurmalı, Türk birliyini gücləndirməlidir. Çünki İsrailin bəzi siyasiləri İrandan sonra hədəfin məhz Türkiyə olduğunu açıq dilə gətirirlər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ