ABŞ İrana 48 saat vaxt qoydu - Nələr yaşanacaq?

ABŞ İrana 48 saat vaxt qoydu - Nələr yaşanacaq?
Kateqoriya məlum deyil
T

“Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb ki, fevralın 26-da Cenevrədə planlaşdırılan görüş İranın ABŞ ilə razılığa gəlməsi üçün son şansdır, əks halda Vaşinqton genişmiqyaslı hərbi əməliyyata başlaya, birbaşa ölkənin Ali rəhbəri Əli Xameneini hədəfə ala bilər.

 

ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, İran yaxın 48 saat ərzində konkret təklif təqdim edərsə, ABŞ nümayəndə heyəti cümə axşamı Cenevrədə danışıqların yeni raunduna hazırdır.

 

O vurğulayıb ki, Donald Tramp administrasiyası Tehrandan məqbul təklif gözləyir.

 

İran 48 saat ərzində necə və hansı formatda təklif təqdim edə bilər? Qeyd edildiyi kimi konkret təklif olmasa, həqiqətən də ABŞ hərəkətə keçəcək?

 

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Cenevrədə planlaşdırılan təmas əslində tərəflər arasında diplomatik “pəncərə”nin hələ də tam bağlanmadığını göstərir:

 

 

“ABŞ tərəfindən “48 saat” kimi konkret zaman çərçivəsinin səsləndirilməsi daha çox təzyiq aləti xarakteri daşıyır. Bu cür ultimativ ritorika mövqeləri sərtləşdirmək və qarşı tərəfi konkret sənəd üzərində işləməyə məcbur etmək üçün istifadə olunur. Bu, mütləq şəkildə hərbi əməliyyat qərarının verildiyi anlamına gəlmir. İran 48 saat ərzində təklifi bir neçə formatda təqdim edə bilər deyə düşünürəm. Ən real variant diplomatik kanallar vasitəsilə yazılı qeyri-rəsmi sənədin ötürülməsidir. Alternativ olaraq, Cenevrədə birbaşa danışıqlar üçün çərçivə sənədi təqdim edilə bilər. Bu sənəddə əsasən uranın zənginləşdirilmə səviyyəsinin məhdudlaşdırılması, MAQATE ilə əməkdaşlığın genişləndirilməsi və sanksiyaların mərhələli şəkildə yumşaldılması mexanizmi kimi konkret maddələr yer ala bilər. İran üçün əsas məsələ təhlükəsizlik təminatları və iqtisadi sanksiyaların aradan qaldırılmasıdır”.

 

Ü.Zülfiqar ABŞ tərəfinin yalnız zənginləşdirmənin dondurulmasını deyil, daha geniş nəzarət mexanizmlərini nəzərdə tutduğu ehtimalının olduğunu əlavə edib:

 

“Rəsmi Vaşinqton üçün əsas prioritet İranın nüvə silahına gedən yolunun tam bağlanmasıdır. Bu baxımdan, detallı təqvim planı olan sənəd təqdim olunmasa, ABŞ administrasiyası bunu vaxt udmaq cəhdi kimi qiymətləndirə bilər. Hazırkı mərhələdə daha real görünən ssenari tərəflərin son anda minimum razılaşma çərçivəsi üzərində dayanmasıdır. Bu, tam və geniş nüvə sazişi olmasa da, gərginliyi azaldan müvəqqəti texniki anlaşma formatında ola bilər. 48 saatlıq müddət daha çox psixoloji və siyasi təzyiq mexanizmi kimi qiymətləndirilməlidir. Regionun təhlükəsizliyi baxımından tərəflərin hərbi eskalasiyadan çox, nəzarət olunan kompromis modelinə üstünlük verəcəyi daha məntiqli görünür”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ