26 fevral görüşü: müharibənin taleyi həll olunacaq?

26 fevral tarixində Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar raundunun ikinci mərhələsinin keçirilməsi planlaşdırılıb. Müharibənin uzun müddətdir davam etməsi və cəbhədə gərginliyin səngiməməsi fonunda bu görüşə beynəlxalq ictimaiyyətin diqqəti artıb.
Tərəflər indiyədək müxtəlif formatlarda təmaslar aparsalar da, real nəticəyə gətirən razılaşma əldə olunmayıb və proses daha çox qarşılıqlı şərtlərin irəli sürülməsi ilə yadda qalıb. Son açıqlamalardan görünür ki, rəsmi Kiyev müəyyən təhlükəsizlik mexanizmləri və zəmanətlər müqabilində danışıqlara daha açıq mövqe nümayiş etdirir. Moskva isə əvvəlki kimi hərbi-siyasi tələblərində israr edir və gələcək razılaşmanın əsas prinsiplərinin əvvəlcədən müəyyən olunmasını istəyir. Bu isə tərəflərin mövqeləri arasında ciddi fərqin qalmaqda davam etdiyini göstərir.
Bəs, 26 fevral görüşü müharibənin taleyini dəyişə bilər? Rusiya kompromisə gedəcəkmi və Ukraynanın daha yumşaq mövqeyi sülhə gətirib çıxaracaq?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəyli ümidverici detalların olması ilə yanaşı, daha təhlükəli inkişaf istiqamətləri də mövcud olduğunu və Kremlin öz neoimperialist şərt və tələblərində israr etdiyini qeyd edib:

“Artıq Kreml tələb edir ki, danışıqlar prosesində və hazırlanacaq sülh sazişinin mətnində məhz Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalar baza prinsiplər olaraq götürülsün. Yəni Rusiya yenidən savaşın başlanma mərhələsindəki şərtlərinə geri qayıtmağa başlayıb. Belə ki, Kreml israrla tələb edir ki, Ukraynanın NATO-ya və ABŞ ilə inteqrasiyasının baş tutmayacağına zəmanət verilsin. Halbuki ABŞ Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyə qəbul etmək barədə niyyətini artıq bəyan edib. Təbii ki, Kremli narahat edən əsas məsələlərdən biri də məhz budur”.
Ekspertin sözlərinə əsasən, Kreml narahatdır ki, Ukrayna Avropa İttifaqına üzv olarsa, inkişaf etmək, öz hərbi sənayesini gücləndirmək və maliyyə-iqtisadi yüksəlişi üçün qaynaqlar əldə etmək imkanları qazanacaq:
“Bu da Rusiya üçün arzuolunmaz situasiyadır. Digər tərəfdən, ABŞ-nin müttəfiqləri NATO üzvləri olduğuna görə Ukraynanın ABŞ ilə yaxınlaşması da Rusiya üçün müəyyən hərbi xarakterli problemlər yarada bilər. Çünki Kreml nə vaxtsa Ukraynanı yenidən işğal etmək niyyətinə düşərsə, ABŞ öz təhlükəsizlik maraqları daxilində hesab etdiyi Ukraynanı müdafiə etmək məcburiyyətində qala bilər. Bu halda ABŞ-nin Ukraynanı müdafiə edəcək müttəfiqləri həm də NATO üzvləri olacağından, NATO-nun da bu prosesə qatılma ehtimalı ortaya çıxmış olacaq. Kreml də bütün bunları artıq hesablayır və düşünür ki, əgər Ukraynanın ABŞ və NATO ilə yaxınlaşmasına qadağa qoyulmasına nail olunmazsa, yaxın gələcəkdə Rusiya ilə NATO arasında hərbi toqquşma ehtimalı ön plana çıxa bilər. Təbii ki, bütün bunları nəzərə alanda hesab etmək olar ki, üçtərəfli görüşün növbəti raundundan da pozitiv nəticələr gözləmək sadəlövhlük olar. Üstəlik, bəzi məlumatlar da var ki, Rusiya iyun ayına qədər Ukraynaya daha dağıdıcı zərbələr endirmək, genişmiqyaslı hərbi əməliyyatlar keçirmək üçün yenidən hərbi qüvvə toplamağa başlayıb”.
Bəsti Rəfizadə
Sfera.az
