Quttereşin son açıqlaması müzakirə yaratdı - O bunu niyə dedi?

BMT Baş katibi Antoniu Quttereş Ukraynada davam edən münaqişənin hələ də real həll mərhələsinə yaxınlaşmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-nin vasitəçilik cəhdlərinə baxmayaraq, Moskva və Kiyev arasında formalaşdırılan sənədlər bir-birini tamamlamır.
Quttereş bu fikirləri hansı əsaslara söykənərək səsləndirib?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Həşim Səhrablı Quttereş bu fikirləri həm Rusiyanın, həm də Ukraynanın sülhlə bağlı mövqeləri və tələblərinin uzun müddətdir açıq şəkildə bəlli olduğu üçün səsləndirdiyini bildirib.

Onun sözlərinə görə, Trampın hazırladığı son sülh paketi ətrafında aparılan müzakirələr də göstərdi ki, nə Kiyev, nə də Moskva ortaq məxrəcə gəlmək niyyətindədir:
“Hər iki tərəf yalnız öz maksimalist hədəflərinə fokuslanıb. Bu hədəflərin konturları da Trampın təqdim etdiyi planın içində aydın görünür. Quttereş də yaxşı anlayır ki, hazırkı ziddiyyətlər ilk növbədə tərəflərin geri çəkilməyə meyilli olmamasından qaynaqlanır. Birinci əsas ziddiyyət Rusiya işğal etdiyi ərazilərə iddiasını qorumaqla yanaşı, əlavə bölgələr üzərində nəzarət tələb edir. Ukrayna isə təkcə 2022-ci ildən sonra itirdiyi torpaqların deyil, Krımın belə geri qaytarılmasını prioritet hesab edir”.
Siyasi şərhçi ikinci ziddiyyətin Moskva Ukraynanın NATO-ya üzvlüyünü qəti şəkildə rədd etməsi olduğunu əlavə edib:
“Kiyev isə bunun öz suveren qərarı olduğunu bildirərək hər hansı xarici diktəni qəbul etmir. Üçüncü ziddiyyət isə Rusiya Ukrayna ordusunun demilitarizasiya olunmasını, ən azı şəxsi heyətin və ağır silahların sayının ciddi şəkildə azaldılmasını tələb edir. Ukrayna isə öz təhlükəsizliyi üçün hərbi gücün vacibliyini vurğulayaraq bu tələbi rədd edir. Məhz buna görə Quterreş hesab edir ki, atəşkəs və ya davamlı sülh yalnız tərəflərin öz iradəsi ilə mümkündür. Trampın nə istəməsinin və ya digər dövlətlərin təkliflərinin böyük əhəmiyyəti yoxdur. Əsas olan birbaşa münaqişə tərəflərinin razılığı və kompromis niyyəti ilə bağlıdır. Bu niyyət isə hazırkı mərhələdə görünmür”.
H.Səhrablı əlavə edib ki, Trampın planından sonra aparılan müzakirələr göstərdi ki, nə Rusiya, nə də Ukrayna güzəştə getmək niyyətindədir:
“Hər iki ölkə müharibəni sonadək davam etdirməyə və yalnız öz milli maraqlarına uyğun nəticə əldə etdikdən sonra danışıqlara hazır olmağa meyllidir. Bu səbəbdən yaxın aylarda Quterreşin də vurğuladığı kimi sülh və ya atəşkəs istiqamətində real irəliləyiş gözlənilmir. Yalnız gələcəkdə tərəflərdən biri müharibənin mənasız olduğunu düşünərsə və ya açıq şəkildə məğlubiyyət faktı ilə üzləşərsə, onda ciddi sülh addımlarının şahidi olmaq mümkün olacaq”.
Fidan Hacızadə
Sfera.az
