Ukraynaya qarşı cəbhə yaradılır? - RƏY

Ukraynaya qarşı cəbhə yaradılır? - RƏY
Kateqoriya məlum deyil
T

ABŞ dövlət katibi Marko Rubio məlumat verib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisidir.

 

Rubionun sözlərinə görə, əgər tərəflərdən biri bu ərazi ilə bağlı güzəştə getsə sülh əldə ediləcək.

 

Maraqlıdır, bu məsələdə hansı tərəf güzəştə gedəcək? Döyüşlərdə üstün tərəfin Rusiya olduğunu nəzərə alsaq, Ukraynaya təzyiqlərin artma  ehtimalı nə qədərdir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa Rusiya-Ukrayna müharibəsinin dayanmaq ehtimalının mövcud olduğunu, lakin ərazi tələbləri və təhlükəsizlik zəmanətləri kimi əsas məqamlar danışıqların irəliləməsinə mane olduğunu bildirib.

 

 

Onun sözlərinə görə, Moskva Donetsk vilayətinin tam nəzarətini tələb edir, Kiyev isə bu əraziləri vermək niyyətində deyil və hazırkı təmas xətti üzrə danışıqların davam etdirilməsini istəyir:

 

“ABŞ tərəfi tərəfləri masa arxasına gətirməyə çalışsa da, indiyə qədər heç biri ciddi güzəştə meyil göstərmir. Yaxın perspektivdə də tərəflərin geri addım atmayacağı ehtimalı böyükdür və münaqişənin davam edəcəyi görünür. Rusiya hərbi baxımdan üstünlüyə malik olsa da, Ukraynada göstərilən güclü müqavimət digər cəbhələrdə eyni səviyyədə müşahidə olunmur”.

 

Politoloq xatırladıb ki, NATO ölkələrinin xarici işlər nazirləri bu gün toplanır və Avropa dövlətlərinin Kiyevə birmənalı dəstəyi davam edir:

 

“ABŞ isə Ukraynaya müəyyən təzyiqlər göstərir və görünür ki, bu xətt yaxın zamanda dəyişməyəcək. Ümumilikdə, yaxın dövrdə tərəflərin razılaşmaya gəlməsi real görünmür. Ərazi məsələsi üzrə Ukraynanın koalisiya tərəfdaşlarının razılığı olmadan addım atmaq imkanı yoxdur, Rusiya isə israrlı şəkildə nəzarəti 20 faizədək genişləndirməyə çalışır. Bütün bunlar müharibənin hələ uzun müddət davam edəcəyinin siqnalı kimi qiymətləndirilə bilər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ