Rusiya-Ukrayna müharibəsinin bitməsi Çindən asılıdır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin bitməsi Çindən asılıdır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndə heyətinin görüşündən əvvəl Çin xarici işlər naziri Van İnin Moskvaya səfəri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

 

Van İn Moskvada həm Putin, xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Onun səfəri ABŞ-nin xüsusi elçisi Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin eyni günlərdə Rusiyaya planlaşdırılmamış səfərləri ilə üst-üstə düşüb.

 

Bəzi xarici ekspertlər hesab edir ki, müharibənin həlli üçün ABŞ Çinlə də razılıq əldə etməlidir.

 

Maraqlıdır, Rusiya-Ukrayna münaqişəsinin həllində Çinin rolu nədən ibarətdir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Van İnin statusu Çində sadəcə xarici işlər naziri olmaqdan daha böyük anlam daşıyır:

 

 

"Van İn təkcə diplomat deyil, həm də hökumətin idarə olunmasında baş nazirin birinci müavinidir. Bu onu Çin hakimiyyətinin ikinci ən güclü simalarından birinə çevirir. Belə güc statusunda olan şəxsin Moskvaya səfəri Kremlə verilən strateji dəstək mesajıdır. Amerika tərəfi Rusiyanı müəyyən şərtlərə sövq etmək üçün paralel kanallardan istifadə edir. Lakin Van İnin səfəri planlı və yüksək səviyyədə razılaşdırılmış diplomatik addım idi. Bu da göstərir ki, Çin Moskvanın yanında olduğunu göstərmək üçün məhz həmin günləri seçib”.

 

Politoloq səfərin ən mühüm hissəsinin strateji əməkdaşlıq üzrə Məsləhətləşmə Şurasının 20-ci toplantısı olduğunu qeyd edib:

 

“Bu iclasda iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi, yeni nəqliyyat-logistika xətləri, hərbi-texniki yardım məsələləri, eləcə də energetika layihələri müzakirə edilib. Bu, Rusiya üçün həyati əhəmiyyət daşıyır, çünki Moskva sanksiyalar fonunda Çin bazarına daha çox bağlanır. Çin ABŞ-nin Hind-Sakit okean strategiyasına qarşı öz blokunu gücləndirir. Rusiya burada Pekinin mühüm hərbi-siyasi tərəfdaşıdır. Yəni bu səfər yalnız Ukrayna müharibəsi ilə bağlı deyil, böyük geosiyasi balansın bir hissəsidir”.

 

Ekspert diqqəti iki ölkə arasında vizasız rejimə yönəldib:

 

“Çin vətəndaşlarının Rusiyaya sərbəst daxil olması Pekin üçün vacib addımdır. Lakin Putin vizasız rejimi yalnız sentyabra qədər uzadıb. Görünür, Kreml Çin turist və biznes axınını sərtləşdirmədən nəzarətdə saxlamağa çalışır. Bu, iki ölkə arasında münasibətlərin dərinləşməsinin əsas elementlərindən biridir. Amma Putin bu məsələdə ehtiyat edir, çünki Çinin iqtisadi təsir gücünün artması Rusiyada bəzi çevrələrdə narahatlıq doğurur. Uitkoffun Rusiyaya səfərləri planlaşdırılmır, rəsmi proqramı olmur və əsasən gizli danışıqlar xarakteri daşıyır. Bu, Amerikanın Rusiyaya təzyiq və vasitəçilik üçün paralel diplomatiyadan istifadə etdiyini göstərir. Çin isə açıq, rəsmi və strukturlaşdırılmış diplomatiya aparır”.

 

Y.Bağırzadə xatırladıb ki, Van İn bir neçə ay əvvəl sərt bəyanat da səsləndirib:

 

“O açıq dedi ki, Çin Rusiyanın uduzmasını rəva bilə bilməz. Bu, Çinin neytral vasitəçi deyil, siyasi və strateji baxımdan Moskvanın yanında dayanan tərəf olduğunu göstərir. ABŞ-nin hazırkı danışıqları nəticə vermədisə, bunun səbəblərindən biri də məhz Çinin prosesdən kənarda qalmasıdır. Vaşinqton bunu anlayır, ona görə də yaxın aylarda Çinlə görüşlərin intensivləşəcəyi gözlənilir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ