“5-ci kolon”un izi: Əli Kərimli və Ramiz Mehdiyev əlaqəli işləyib

"5-ci kolon"un izi: Əli Kərimli və Ramiz Mehdiyev əlaqəli işləyib
Kateqoriya məlum deyil
T

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı aşkarlanan məktub siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Axtarış zamanı Ə.Kərimlinin evində Prezident Administrasiyasının sabir rəhbəri Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı müraciətin ilkin variantı üzə çıxıb. 


Sənəddə Rusiyadan dəstək istənilməsi və Azərbaycanın daxili işlərinə müdaxilə çağırışları yer alıb. 


Aşkarlanan müraciət mətni Ə.Kərimlinin fəaliyyəti ilə bağlı ciddi məqamları üzə çıxarıb. Belə aydın olur ki, bir zamanlar Ramiz Mehdiyevi “5-ci kolonun rəhbəri” kimi təqdim edən, onu Rusiyanın sifarişlərini Azərbaycanda icra etməkdə qınayan Ə.Kərimli əslində Mehdiyevlə eyni cəbhədə dayanırmış. 

 

Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlama verib. O, tapılan sənədlərin gözlənilməz olmadığını bildirib:

 

“Əli Kərimlinin evində axtarış aparılması, Rusiyaya yazılan məktubun və həmin müraciətin ortaya çıxması artıq adi haldır, təəccübləndirici bir şey yoxdur. Bunlar 2010-cu ildən bu işlərlə məşğuldurlar, mən dəfələrlə demişəm. Söhbət təkcə Əli Kərimlidən getmir. Əli Kərimli köhnənin xəyanətkarıdır, Elçibəyə xəyanət edən adam əlbəttə ki, maraqları təmin olunmayandan sonra hər kəsə xəyanət edəcək. Onun haqqında biz dəfələrlə Respublika Prokurorluğuna müraciət etmişik. Amma heç də müsbət cavab almamışdıq. İndi isə mənim dediklərimin hər biri ortaya çıxır”. 


H.Hacıyev, məsələnin təkcə Ə.Kərimlinin fəaliyyəti ilə məhdudlaşmadığını, arxasında daha ciddi fiqurların dayandığını vurğulayıb:

 

“Söhbət ondan gedir ki, bu gün ortaya çıxan müraciət birinci dəfə deyil. Onlar “milyarderlər ittifaqı” yaranan gündən Moskva ilə çox ciddi əlaqədə olublar. Və burada ciddi adamların fəaliyyəti araşdırılıb aşkar edilməlidir. Bu işdə keçmiş baş prokuror var, onun müavini var, keçmiş milli təhlükəsizlik naziri var. Siyahıda ciddi fiqurlar mövcuddur. Əsas fiqurlar qalıb kənarda, Əli Kərimli isə icraçı rolunda olub. O, xalqı ayağa qaldırmaq üçün istifadə edilirdi. Maliyyə məsələlərini təmin edən şəxslər isə arxada dayanırdı”. 

 

 

Partiya sədri iddia edib ki, Ə.Kərimli siyasi dayaqlarını dəyişərək Ramiz Mehdiyevin çevrəsinə yaxınlaşıb: 

 

“Məsələ ondadır ki, bu adam Qərbdən ümidini kəsəndən sonra üzünü Ramiz Mehdiyevin qohumlarının tərəfinə çevirdi, onlara arxalandı. İndi Ramiz Mehdiyev barədə gizlətməyin nə adı var ki? Ramiz Mehdiyevin “5-ci kolonu” Azərbaycanda hər zaman ölkənin inkişafına mane olan bir qüvvə olub. Burada əsas “kitlər” var və həmin böyük fiqurlar aradan götürülməlidir”. Hafiz Hacıyev həmçinin hazırkı hakimiyyət daxilində də bu qüvvələrin təsirinin qaldığını deyib: 
“Bu gün Azərbaycan hökumətində kifayət qədər Ramiz Mehdiyevi müdafiə edən qüvvələr var. Bu qüvvələr bu saat da hakimiyyətdədir və hələ də söz sahibidirlər. Xalqı dövlət başçısının üzərinə qaldırmaq üçün bütün vasitələrdən istifadə edilir. Qanunsuz qərarlar qəbul olunur, xalqın narazılığını artıracaq addımlar atılır. Biz xəyanət deyəndə yalnız silah götürüb kimisə öldürməyi düşünməməliyik. Bu gün narazılıq yaradan nazirlər var ki, onları da vaxtilə Ramiz Mehdiyev həmin vəzifələrə yerləşdirib. Ramiz Mehdiyevin sağ əli olan, onunla çörək kəsmiş adamlar bu saat Prezident Administrasiyasında otururlar. Mən istintaq prosesinə müdaxilə etməmək üçün hələki ad çəkmirəm. Heç kimin də cəsarəti çatıb bunu demir. Bilirsiniz ki, Əli Kərimli getdi, o, Ramiz Mehdiyevin sağ əli idi. Onu da yola saldıq onun yanına. Ramiz Mehdiyev ev dustağı olsa da, hər zaman sərbəst şəkildə yaşayır, yaşayacaq. Bağları var, Novxanı bağlarında qalır və ya “Tbilisi” prospektində ona hansısa nazir tərəfindən tikilən milyonluq villada qalır. Yəni hər cür şəraiti var və sakit həyatını yaşayır”. 

 

 

O, həll yolunun yalnız bütün şəbəkənin tam zərərsizləşdirilməsindən keçdiyini qeyd edib:

 

“Burada əsas məsələ onun “axsaqqal əlləri”nin, yəni təsir dairəsində olan şəxslərin müxtəlif sahələrdə hələ də aktiv olmasıdır. Biz onların kökünü kəsməliyik. Məsələn, niyə bu gün Ziya Məmmədov çöldə qalmalıdır? Niyə bu gün akademiyanın müəyyən professorları rahat şəkildə gəzir? Niyə Ramiz Mehdiyevin parlamentdə olan dəstəsi hələ də azad şəkildə gəzə bilir? Görürsünüz ki, səsləri çıxmır. Niyə Heydər Əliyevi təhqir etmiş Fazil Mustafa bu gün niyə komitə sədri kimi fəaliyyət göstərir? Ramiz Mehdiyevin tapşırığı ilə parlamentə seçilən həmin şəxs niyə bu gün əl-qol sallayaraq gəzə bilir? Bunlar hamısı Ramiz Mehdiyev tərəfindən təşkil olunmuş güclər idi və siyasi tərəfdən xalqla işləyən əsas nöqtə də Əli Kərimli idi. Çünki Əli Kərimlinin dəstəsi hələ də sakit dayanmayıb. Çalışırlar ki, məsələyə qara yaxsınlar, desinlər ki, bu işdə Əli Kərimlinin əli yoxdur, guya bu cinayət işi kimisə qaralamaq üçün açılıb. Xeyr, qətiyyən belə deyil. Ona görə düşünürəm ki, hökumətin daxilində olan həmin qüvvələrə əl gəzdirilməlidir. “5-ci kolon” hələ də tam zərərsizləşdirilməyib, sadəcə 1-2 nəfər prosesdən uzaqlaşdırılıb. Məsələn, keçmiş baş prokuror çöldədir, rahat gəzir. Onun müavini Rüstəm Usubov Gəncə-Basar zonasında böyük işlər görür. Milyarderlər yenə də Azərbaycanda “at oynadırlar”. Putinin sağ əli olanların böyük media qurumları var. Bunlar hamısı faktdır. Əli Kərimlinin onlarla münasibəti həmişə olub və olacaq da. Bu, onun içəridə və ya çöldə olmağından asılı deyil”. 

 

H.Hacıyev istintaqın daha dərinə gedəcəyinə ümid etdiyini deyib:

 

“Ona görə məsələnin kökünə varmaq lazımdır ki, yerdə qalanlar da təmizlənsin. Biz 2017-ci ildə məktub yazırdıq ki, Ramiz Mehdiyevin göstərişi ilə Əli Kərimli dövlət başçısını təhqir edir, lakin prokurorluğun bizə cavabı nə olurdu, onu hərkəsə göstərəcəm. Cəmil Həsənli gülürdü ki, iki nəfəri Ramiz Mehdiyevin adamı sayırsınız, bəs digər 47-48 nəfər kimdir? Ona görə məsələ dərinliyinə gedib tam həll olunmalıdır”. 


Bəsti Rəfizadə 
Sfera.az

PAYLAŞ