ABŞ Ukraynaya yardımı nə üçün dayandırdı? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırılması ilə bağlı qərarını həmin ölkədə baş verən korrupsiya iddiaları ilə əsaslandırıb. Ağ Evin sözçüsü Kerolayn Levit qeyd edib ki, Tramp Kiyevə göstərilən “limitsiz yardım” praktikasına son verib və hesab edir ki, ABŞ vergi ödəyicilərinin vəsaitləri məqsədyönlü şəkildə xərclənməyib.
Trampın Ukraynaya yardımı korrupsiya qalmaqalları ilə əlaqələndirərək dayandırması nə dərəcədə həqiqətə uyğundur və bu, ABŞ-nin dəstəkdən geri çəkilməsinin əsas səbəbi ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynaya maliyyə və hərbi yardımı dayandırması Vaşinqton-Kiyev münasibətlərində mühüm dönüş nöqtəsidir:

“Ağ Ev bu qərarı Ukraynada geniş yayılmış korrupsiya iddiaları ilə əsaslandırsada, prosesin arxasında daha kompleks geosiyasi hesablamaların dayandığı aydın görünür. ABŞ administrasiyası iddia edir ki, Kiyevə ayrılan milyardlarla dolların xərclənməsində şəffaflıq yoxdur və vergi ödəyicilərinin vəsaitləri nəzarətsiz şəkildə istifadə edilib. Lakin bu arqument real olsa belə, yardımın birdən-birə dayandırılması təkcə korrupsiya ilə izah edilə bilməz”.
Politoloq Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-nin strateji diqqətinin Avropadan Asiya-Sakit okean regionuna yönəldiyini, Vaşinqtonun Çinlə qlobal rəqabəti prioritet saymasını və Avropanın müdafiə yükünü öz üzərinə götürməsini tələb etməsinin bu qərarın əsas motivləri sırasında olduğunu qeyd edib:
“Bu addım həm də Ukraynanın hərbi vəziyyətinə birbaşa təsir göstərə bilər. ABŞ yardımının azalması Kiyevin cəbhədə döyüş qabiliyyətini zəiflədə və bir sıra istiqamətlərdə Rusiyaya taktiki üstünlük qazanmaq imkanı yarada bilər. Vaşinqton isə bu təzyiq mexanizmini Ukraynanı daha realist mövqelərə çəkərək danışıqlar masasına yaxınlaşdırmaq üçün istifadə edir. Bununla yanaşı, yardımın dayandırılması Ukrayna daxilində siyasi gərginliyi artıra, Zelenski administrasiyasını daxili təzyiqlərlə üz-üzə qoya bilər. Ümumi mənzərə göstərir ki, ABŞ-nin bu addımı müharibənin gedişini dəyişməkdən çox, prosesləri daha sürətli şəkildə siyasi fazaya keçirmək niyyəti daşıyır və 2026-cı ilə doğru münaqişənin “nəzarətli qarşıdurma” mərhələsinə transformasiyası ehtimalını gücləndirir”.
Fidan Hacızadə
Sfera.az
